BNA məlumat yaydı - Bakıda ilk dəfə olaraq
Paytaxtda ilk dəfə yol hərəkətinin təşkilində taktiki urbanizim elementlərindən istifadə olunmağa başlanılıb.
Demedia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Bildirilib ki, xarici ölkə şəhərlərində uğurla tətbiq edilən taktiki urbanizm şəhərin bir hissəsini və ya şəhər mühitini ən qısa müddətdə və minimal səylə dəyişdirməyə imkan verir. Bakı şəhərində taktiki urbanizim elementləri Qəzənfər Musabəyov, Cəfər Xəndan və 22-ci Dağlıq küçələrinin kəsişməsində tətbiq edilib. Mürəkkəb yolayrıcında kəsişmənin həndəsi quruluşuna uyğun olaraq taktiki urbanizm elementlərindən istifadə olunmaqla dairəvi hərəkət təşkil olunub.
Nəticədə kəsişmədə olan xaotik vəziyyət aradan qaldırılıb, hərəkət növbəliliyi təmin edilib. Bununla da kəsişmədə qəza halları dəfələrlə azalıb və piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb.
Qeyd edək ki, əvvəllər bu yol sahəsində 6 istiqamətdən gələn nəqliyyat axını tənzimlənmədiyindən ərazidə xaotik hərəkət hökm sürürdü. Nəqliyyat vasitələrinin nizamsız hərəkəti yolu keçmək istəyən piyadalar üçün əlvə risklər yaradırdı.