Avropa Birliyi və İran arasında gizli Ermənistan anlaşması: Sensasion iddialar!
"Eurasianet" Avropa Birliyinin nəzarətində olan media orqanıdır. Bu sayt İranın Azərbaycanla sərhəddə keçirdiyi irimiqyaslı hərbi təlimlərlə bağlı geniş məqalə dərc edib. Analitik məqalənin müəllifi olan Joshua Kucera yazır ki, molla rejimi “Qüdrətli İran” (Mighty Iran) adlanan təlimlərlə Azərbaycanı Ermənistan ərazisinə hərbi müdaxilədən çəkindirməyə çalışır. Eyni zamanda, Avropa Birliyinin Ermənistana 2 ay müddətinə 40 müşahidəçi göndərməsi də rəsmi Tehranın ürəyincə deyil.
Təhlildə vurğulanır ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana təzyiqləri gücləndirir. Bu isə Ermənistanı İranla birləşdirən sərhədin gələcəyini şübhə altına alır. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyir: “İran onu Ermənistanla bir araya gətirən kommunikasiya xətlərinin bağlanmasına icazə verməyəcək və bu məqsədə nail olmaq üçün İran İslam Respublikası da həmin bölgədə hərbi baxımdan fəallaşmalı olub”.
İran mediası keçirilən hərbi təlimlərin miqyasının nəhəngliyinə diqqət çəkir. Bildirir ki, təlimlər zamanı tanklardan, müxtəlif raket sistemlərindən, İranın Rusiyaya satdığı qatil-dronlardan istifadə olunub.
"Eurasianet" bir önəmli məqama diqqət da çəkir. İran mediası deyir ki, ilk dəfədir ki, hərbi təlim zamanı panton körpülərin istifadə qaydaları yoxlanılıb. Ancaq Araz çayı üzərindən açılmış panton körpü Azərbaycan tərəfinə çıxmayıb. Həmin paton körpü İranın daxili ərazisində sınaqdan keçirilib.
Haşiyə çıxaraq qeyd edək ki, bu detal çox önəmlidir. Çünki Azərbaycanda bəziləri yanlış olaraq belə düşünür ki, İran hərbçiləri təlim zamanı Arazın o biri tayına, yəni Azərbaycan tərəfinə keçib. Əslində isə belə bir şey olmayıb.
Sayt bildirir ki, iki ay əvvəl rəsmi Bakı İrandakı azərbaycanlılar arasında separatizmi qızışdıran informasiya müharibəsinə start vermişdi. Ancaq rəsmi Bakı bu təlimlər başlandığı günlərdə nəzərəçarpacaq dərəcədə sakitləşdi. Heç bir rəsmi şərh verilmədi və hökumətyönlü media bu xəbəri boş bir şey kimi kənara atdı. Bəzi nəşrlər təlimlərin Ermənistan sərhədində baş tutduğunu qabartdı, digərləri isə Azərbaycana hücumun fəlakətli nəticələrinə görə əsl hədəfin Ermənistan olduğunu ehtimal etdi: “Yalnız iqtidaryönlü “Yeni Müsavat” qəzeti istisna mövqeyi ilə seçildi. Yəni bu nəşr problemi kiçiltmədi, əksinə, İranın keçirdiyi hərbi təlimləri Azərbaycana qarşı “çox ciddi təxribat və təhdid” adlandırdı. Bununla da İran tərəfi Azərbaycanın ərazi bütövlüyünü pozmağa və suverenliyinə qəsd etməyə hazırlığını nümayiş etdirdi”.
Sözügedən məqalədə ən maraqlısı odur ki, müəllif İranın hərbi təlimləri ilə Avropa Birliyinin Ermənistana 40 müşahidəçi göndərməsi arasında bağlılığın olmaq ehtimalına toxunur. Belə ki, məqalədə deyilir: "Görünür, Avropnın göndərdiyi missiya ilə İranın hərbi təlimləri eyni məqsədə xidmət edir: Yəni hər iki tərəf Azərbaycanın Ermənistana hücum etməsi təhlükəsini azaltmağa çalışır".
Məqalədə xüsusi ilə vurğulanır ki, bir azərbaycanlı analitik idda edir ki, Avropa Birliyi və İran Ermənistana görə gizli razılığa gəlib.
Görürdüyü kimi, söhbət Ermənistandan gedəndə o boyda Avropa Birliyi fars şovinistləri ilə asanlıqla bir araya gəlir. Fransa və İranın Ermənistana görə eyni səngərdə yer alması da bu baxımdan təsadüfi sayıla bilməz. O da sirr deyil ki, qanlıbıçaq olan ABŞ və Rusiya da Ermənistana görə bir çox hallarda ortaq məxrəcə gəlməyə çalışırlar...
Joshua Kucera xatırladır ki, ötən il də İran Azərbaycan sərhədində oxşar hərbi təlimlər keçirmişdi. O vaxt da rəsmi Bakı bu təlimlərə soyuqanlı yanaşma sərgiləmişdi. Ancaq az sonra İlham Əliyev bu məsələyə kəskin münasibət bildirmişdi.
Müəllif onu da deyir ki, İranın Bakıdakı səfiri sözügedən hərbi təlimlərlə bağlı ikibaşlı fikirlər səsləndirib. Gah İranın Azərbaycana dost və qardaş ölkə olduğunu bildirib, gah da İranın ölkə sərhədlərinin təhlükəsizliyini müdafiə etməyə və regiondakı ölkələr və rejimlər tərəfindən istənilən təhdid və müdaxilələrə qətiyyətli cavab verməyə hazır olduğunu dilə gətirib.//Musavat.com
https://eurasianet.org/irans-military-starts-massive-drills-on-azerbaijani-border