Paşinyan: "Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında mühüm dəyişiklik var”
“Ermənistan Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gələ bilib”.
Demedia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqları və iki ölkənin xüsusi nümayəndələrinin təmaslarını xatırladıb: “Baş verənlər mühüm dəyişiklikdir”.
N.Paşinyanın sözlərinə görə, artıq nəinki hakimiyyət, hətta cəmiyyət səviyyəsində də Türkiyə ilə əlaqələr barədə dilemma yoxdur.
Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.
İkinci Qarabağ müharibəsindən - Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.
Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.
Bu il oktybarın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub. / Report