Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
"2023-cü ilin dövlət büdcəsindən hərbi qulluqçuların mənzil təminatı üçün 35 milyon manat vəsait nəzərdə tutulub".
Demedia.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2023-cü ilin dövlət büdcəsində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi inkişaf, Qarabağ və Şərqi Zəngəzurun inkişafı, azad edilmiş ərazilərə Böyük qayıdış kimi strateji çağırışlar əksini tapıb.
"Büdcə layihəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur".