Zakir Həsənov Gürcüstanın Baş naziri ilə regiondakı hərbi-siyasi vəziyyəti müzakirə etdi



 16:15 14.11.2022     318

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb, regiondakı hərbi-siyasi vəziyyət müzakirə edilib.

Bu barədə Demedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Z.Həsənov nümayəndə heyəti ilə birgə Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.

Sonra müdafiə naziri Gürcüstanın Baş naziri ilə görüşüb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğu qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin oktyabr ayında Gürcüstana işgüzar səfərinin xüsusi əhəmiyyətə malik olduğu qeyd edilib və ümumilikdə dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi vurğulanıb.

Tərəflər regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildiriblər.