Əliyev, Ərdoğan və Bağçalı Şuşaya gedir
Ermənistanın işğalından azad olunan Şuşa şəhərində Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MPH) Ülkü Ocaqlarının Təhsil və Mədəniyyət Fondunun tikəcəyi məktəbin təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Bağçalının iştirakı planlaşdırılır.
Nexeber.az Report-a istinadən xəbər verir ki, bunu MHP sədrinin müşaviri, memar Ziya Günaydın deyib.
Azərbaycana səfərindən danışan müşavir bildirib ki, hazırda Şuşaya yol problemi var və bunu aradan qaldırmaq üçün yeni yol çəkilir: “Müşahidələrimizə və keçirdiyimiz görüşlərə əsasən deyə bilərəm ki, işlər sürətlə gedir və yaz gəlmədən bu yolun açılması planlaşdırılır. Prezident İlham Əliyev bizə də “Mən qardaşımsız Şuşaya getmərəm, birgə gedəcəyik” dedi. O, möhtərəm Dövlət bəyin də gəlməsini arzu etdiyini və birlikdə təməl qoyulacağını söylədi. Hazırlıqlar bitəndən sonra yol açılışı və sonra iki prezident və Dövlət bəyin iştirakı ilə məktəbin təməlinin qoyulması planlaşdırılır”.
Z.Günaydın bildirib ki, məktəbin tikiləcəyi yer hələlik müəyyənləşməyib: “Şuşada diqqətlə kadastr işləri aparılır. Cənab İlham Əliyev qeyd etdi ki, bu işlər nəticəsində məktəbə şəhərin ən gözəl yerində ərazi ayrılacaq”.