Prezidentin açıq mesajı: "Onu Moskva göndərib"



 09:28 18.11.2022     341

Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Avropa İttifaqı ilə əməkdaşlıq və Ermənistanla danışıqlar prosesi barədə diqqət çəkən fikirlər söyləyib.

Demedia.az xəbər verir ki, bu barədə Atlas Araşdırmalar Mərkəzinin analizində qeyd edilib.

“Birincisi, bir daha vurğulanıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması planlaşdırılan sazişin mətninin 90 faizi hazırdır. Ancaq İlham Əliyevin sözlərindən aydın olub ki, 10 faiz ətrafında ciddi fikir ayrılığı var və bu iqtisadi məsələlərlə əlaqəlidir. İlham Əliyevin “ilişib qaldığımız məsələlər var” ifadəsi də bundan xəbər verir. Böyük ehtimalla söhbət Brüsselin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük şərtindən gedir. Bu məsələ həll olunmayınca, sazişin imzalanması uzanacaq.

İkincisi, İlham Əliyev bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın və digər erməni rəsmilərin Azərbaycanı İŞİD və Əl-Qaidə terrorçuları ilə müqayisə etmələrinin bu ölkə üçün ağır nəticələri ola bilər. Paşinyanın vaxtilə Şuşada içkili vəziyyətə yallı gedərək ard-arda “Qarabağ Ermənistandır” absurd açıqlamalarının da onun və ölkəsi üçün ağır nəticəsi oldu, bu İkinci Qarabağ müharibəsinin başlanma tarixini yaxınlaşdırdı.

Üçüncüsü, İlham Əliyev bir daha vurğulayıb ki, sülh sazişində Qarabağa dair heç bir bəndi qəbul etməyəcək, bu Azərbaycanın daxili işidir. Halbuki, Nikol Paşinyan Azərbaycanla sülh sazişindən danışarkən Qarabağ mövzusuna da eyhamlar vurur. Paşinyan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirərkən, digər tərəfdən Qarabağla bağlı nəsə “təminat” almağa çalışır. Bu siyasət iki ölkə arasında sülhün əldə edilməsi imkanlarını azaldır.

Dördüncüsü, İlham Əliyev Qarabağ erməniləriylə dialoq və Ruben Vardanyanla bağlı fikirlərini belə ifadə edib: “Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb”.

Cümlənin birinsi hissəsində həm Vardanyana, həm də onu Qarabağa göndərən Moskvaya mesaj var ki, rəsmi Bakı onunla danışmayacaq. Cümlənin ikinci hissəsindəki “Qarabağda yaşamaq istəyənlərlə dialoq qurulacaq” isə o deməkdir ki, Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan qanunlarını qəbul etməlidir, əks halda bölgəni tərk etməli olacaqlar. İlham Əliyev Qarabağ erməniləriylə dialoqun başlandığını deyib. Bu mürəkkəb proses olacaq. Çünki Azərbaycan qanunları ilə yaşamaq istəyən ermənilərə silahlı separatçılar, Ruben Vardanyan və Qarabağdakı rusiyalı hərbçilər mane olmağa çalışacaqlar. Qarabağın tamamının Azərbaycan qanunlarına tabe olmaması məsələsində bu qüvvələrin marağı eynidir. Bunun həll yolu Rusiya hərbçilərinin bölgədən çıxarılmasından və separatçıların tərksilah edilməsindən keçir”, - analizdə vurğulanıb.