"Həlledici savaşa hazırlaşmalıyıq, eyforiyadan ayılaq" - Tofiq Şahmuradov
Ermənilər müharibədə ciddi məğlubiyyətdən sonra bizə qarşı psixoloji müharibəyə başlıyıblar.
Nexeber.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında hərbi bloqer Tofiq Şahmuradov deyib.
O bildirib ki, eyforiyadan ayılıb ordumuzu möhkəmlətməliyik:
"Açığı bu, mənim üçün gözlənilən idi. Hibrid müharibə fazasına keçdik. Burada rusların da rolu var, bizə qarşı bunlardan təzyiq vasitəsi kimi istifadə edirlər. Ermənilərin Qarabağa səfərləri, Arayikin görüşləri bizim Prezidentin görüşlərindən daha çox yer tutur mətbuatımızda. Bu da insanlarımızda istər-istəməz qıcıq yaradır, dövlətə qarşı inamsızlıq formalaşdırmağa hesablanıb. Tovuz döyüşləri vaxtı hamı deyirdi ki, bəhanə lazım deyildi, bu da bəhanə: "Generalımız şəhid olub, başlayaq müharibəyə". Həmən vaxtı mən yazdım ki, Qarabağa hücum böyük "katastrof" ilə nəticələnəcək, zamanı deyil.
Yeganə dirənə biləcəkləri yer Ağdərədir
Cənab Prezident də çıxdı dedi ki, mən nəyi nə vaxt edəcəyimi yaxşı bilirəm. İndi ən sadə ermənilər də bilir ki, bundan sonra baş verə biləcək müharibədə uzaq başı 3-5 gün dayana bilərlər.
Kəlbəcər-Zod yolu nəzarətimizdə, Laçın dəhlizini də bağlamaq 1 saatın işidir. Ermənistanla separatçıların əlaqəsini kəsəndən sonra bunları boğmaq iki vur ikidir. Yeganə dirənə biləcəkləri yer Ağdərədir, relyefin verdiyi üstünlüyə görə.
Eyforiyadan ayılıb, ordumuzu möhkəmlətməliyik
Hal-hazırdakı məqamda yaxın 3-5 ildə ermənilər bizə qarşı ancaq belə psixoloji müharibə aparacaqlar. Əsəblərimizi tarıma çəkəcəklər. Onlar bunu yaxşı bacarırlar. Hadisələrə soyuqqanlı yanaşmaq lazımdır. Buna baxmayaraq biz də eyforiyadan ayılıb, ordumuzu möhkəmlətməliyik, səhvlərimizdən nəticə çıxartmalıyıq.
Dağlarda döyüşə biləcək ordu hazırlamalıyıq. Bu müharibə göstərdi ki, 5 min xüsusi hazırlıqlı bölmə Dağlıq Qarabağ üçün yetərlidir. Mən motoatıcların zəhmətini yerə vurmaq istəmirəm, amma reallıq o idi ki, 200 əsgərin ala bilmədiyi yeri, istər Xüsusi Təyinatlı Qüvvələr, istər korpusun əlahiddə kəşfiyyat taborları, briqadaların kəşfiyyat bölükləri 30-40 nəfərlə aldılar. Bu da əsgərlərin xidmət boyu 3-5 güllə atması, təlimlərin kifayət qədər olmaması idi.
Həlledici savaşa hazırlaşmaq lazımdır
İstər XTQ, istər kəşfiyyat, demək olar, hər gün dərs, təlimdə idilər. Nəticə özünü göstərdi. Hər şeyi unudub həlledici savaşa hazırlaşmaq lazımdır. Bu 5 ilə də ola bilər, 10 ilə də".