Sülhə aparan yolun alternativi yoxdur - Qafarov
Noyabrın 25-də Bakıda, ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans bütün region ölkələrinə fayda verəcək çox önəmli tədbir idi. Konfransda iştirak edən Prezident cənab İlham Əliyevin öz çıxışında təqdim etdiyi açıqlamalar isə istər bu beynəlxalq layihənin tezliklə tam reallaşması üçün ən optimal yolların müəyyən edilməsi, istərsə də Orta Dəhlizin üzərində yerləşən bütün ölkələrin bu məqsədlə icra etməli olduğu vəzifələrin təhlili baxımndan xüsusi əhəmiyyət kəsb edir. Orta Dəhliz beynəlxalq layihədir və onun uğurla tamamlanması və maksimal səmərəliliklə istismarının təmin olunması üçün bu dəhlizin üzərində olan digər ölkələr də öz üzərlərinə düşən vəzifələrin icrasına tam məsuliyyətlə yanaşmalıdırlar.
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
“Öz çıxışında cənab Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın coğrafi mövqeyinin əsas üstünlüyü ölkənin Avropa ilə Asiyanın arasında yerləşməsidir. Bu üstünlükdən maksimum səmərə ilə istifadə edə bilmək üçün ilk növbədə infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələdir. Məhz bu məsələnin həlli məqsədilə də Azərbaycan bu sektora uzun illər ərzində sərmayə yatırıb. İndi isə bu yatırımlar öz nəticəsini göstərir. Bu gün Azərbaycan geniş dəmir yolları və avtomobil yolları infrastrukturuna malikdir. Ölkəmizin nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanının beynəlxalq daşımalarda rolu getdikcə artır. Bütün bunlar Azərbaycanın Asiya ilə Avropa arasında yaradılan yeni nəqliyyat layihələrində rolunu daha da artıracaq və eyni zamanda da bütün bu layihələrdə iştirak edən digər ölkələrin xalqlarının rifah yüksəlişinə xidmət edəcək”, - Qafarov bildirib.
Deputatın sözlərinə görə, dövlət başçısı əhatəli çıxışından sonra konfrans iştirakçıların suallarını cavablandırarkən mühüm açıqlamalar verib:
“O cümlədən, İran və Ermənistan tərəfindən gələcəkdə Orta Dəhliz beynəlxalq layihəsinin gerçəkləşməsinə hər hansı əngəl yaradıla biləcəyi barədə suala verdiyi cavabında cənab Prezident İlham Əliyev belə bir problemin yaşanmayacağını düşündüyünü bildirdi. O, öz fikirlərini əsaslandıraraq Ermənistanın regionda coğrafi, yaxud digər üstünlüklərə malik olmadığını vurğuladı. Ermənistan faktiki olaraq dalana dirənmiş ölkədir, asılı ölkədir və onun müstəqilliyi çox simvolikdir. Hətta bu ölkənin dəmir yolları da Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Buna görə də, Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrini Ermənistanla deyil, Rusiya ilə aparır. İrana gəlincə isə, ölkə Prezidentinin də qeyd etdiyi kimi, cənub qonşumuz özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır. Ona görə ki, bu layihələr heç kimə qarşı deyil, əksinə, hamının xeyrinədir. İstənilən halda, Azərbaycan bu layihəni irəli aparmaq üçün əlindən gələni edəcək”.
Deputat Azərbaycan-Pakistan münasibətlərinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq deyib:
“Pakistan təmsilçisinin sualını cavablandıran dövlət başçımız qeyd etdi ki, bu gün Azərbaycan - Pakistan münasibətləri dostluq və qardaşlıq müstəvisində inkişaf edir. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman Azərbaycanla olub və bu siyasi-mənəvi dəstək xalqımız tərəfindən yüksək qiymətləndirilir. Son bir neçə ay ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanın Baş naziri cənab Şahbaz Şəriflə iki dəfə görüşüb. Ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Cənab Prezident İlham Əliyevin regionun digər ölkələrinin liderləri ilə də təmasları sıx şəkildə davam edir. Xüsusilə indi – postpandemiya dövründə beynəlxalq səfərlərin intensivliyi yenidən müsbət dinamika alıb. Son yeddi ay ərzində dövlət başçımız üç dəfə Özbəkistanda səfərdə olub. Bundan başqa, cənab Prezident Qırğızıstana və Türkmənistana səfərlər edib. Bu ilin avqustunda Qazaxıstan Prezidenti Azərbaycanda rəsmi səfərdə olub. Bütün bu səfər və təmaslar ikitərəfli və çoxtərəfli əlaqələrin genişlənməsi və güclənməsi məqsədinə xidmət edir”.
K.Qafarov ABŞ-ın Yuta Universitetinin professoru doktor Hakan Yavuzun suallarını cavablandırarkən Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda davamlı sülhün və
iqtisadi inkişafın bərqərar olunması üçün Ermənistanın atmalı olduğu addımların qısa konspektini təqdim etdiyini bildirib: “Möhtərəm Prezidentimiz Paşinyanla ilk dəfə 2018-ci ilin sentyabr ayında Düşənbədə BMT ölkələrinin sammitində görüşdüklərini xatırladaraq bildirdi ki, həmin görüş zamanı sərhəddə atəşkəs rejimini gücləndirmək barədə razılıq əldə
olunmuşdu. Həqiqətən də növbəti bir il ərzində bu, baş verdi. Lakin sonradan, böyük ehtimalla, Paşinyan bunu Azərbaycanın zəiflik əlaməti olduğunu düşündü ki, nəticədə də “Qarabağ Ermənistandır”, “Yeni ərazilər uğrunda yeni müharibə ” kimi sərsəm bəyanatlar səsləndirməyə başladı. Daha sonra silahlı təxribatlar oldu. Bütün bunlar sonda Ermənistan ordusunun darmadağın olunduğu Vətən müharibəsinə gətirib çıxardı. Bu gün isə artıq rəsmi İrəvanın mövqeyində ritorika dəyişikliyi aşkar müşahidə olunur. Prezident cənab İlham Əliyevin dediyi kimi, indi ermənilər Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər və Azərbaycan əlbəttə ki, bunu dəstəkləyir, çünki Azərbaycan sülh istəyir. Rəsmi İrəvan anlamalıdır ki, onların Qarabağ erməniləri ilə heç bir əlaqələri yoxdur və bu məsələ ilə bağlı onlar heç nə deyə bilməzlər. Azərbaycan isə Zəngəzur dəhlizinin açılmasını və məhz tarixi xəritələr əsasında sərhədlərin delimitasiya olunmasını istəyir. Bu, regional sülhə aparan yeganə yoldur və bu yolun heç bir alternativi yoxdur”.