Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
Demedia.az xəbər verir ki, Rəşid Meredov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Sərdar Berdiməhəmmədova və Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat, humanitar sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Dövlət başçısının bu il Türkmənistana səfərinin və səfər çərçivəsində Türkmənistan Prezidenti və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafında rolu vurğulanıb.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.