“Kuruluş Osman”ın Gəncə bəyi: “Van Damm kimi filmlərə çəkilmək istəyirəm” - VİDEO



 19:05 06.03.2021     854

“Kuruluş Osman” “Diriliş Ərtuğrul” serialının davamıdır. Osman bəy Ərtuğrulun oğlu kimi davam edir. Onun qurduğu Osmanlı dövləti 600 il mövcud olub”.

Nexeber.az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin məşhur “Kuruluş Osman” serialında çəkilən azərbaycanlı kikboksçu Zabit Səmədov deyib.

O, verdiyi müsahibəsində serialda oynadığı Gəncə bəy obrazından danışıb:

“Məmnunam ki, belə bir real tarixi olan serialda yer alıram. Gəncə bəy obrazı prodüser Mehmet Bozdağ tərəfindən yaradılıb, bu adı o fikirləşib. Addan da göründüyü kimi, bu qəhrəman Qafqazdan, Qarabağdan gəlib.

Azərbaycanda Gəncə şəhəri var. Keçmişdə Gəncə xanlığı da olub. Mehmet Bozdağa bu ad üçün təşəkkür edirəm və mən bu obrazla Azərbaycan xalqını təmsil edirəm. Əlbəttə, hamımız türkük. Biz bir millət, iki dövlətik”.

Səmədov “Bozdağ prodakşn”ın istehsalı olan filmin heyəti ilə dostluq etdiyini bildirib:

“Hamı ilə yaxşı anlaşıram. Mən baş qəhrəman Burak Özçivit və digərləri ilə setdən kənarda da dostluq edirəm. Bir gün Burak Çəlik və Çağrı ilə parkda gəzərkən, bir adam bizə dedi ki, siz gerçək həyatda da bir-birinizdən ayrıla bilmirsiniz (gülür).

Yumruq-təpik hər zaman mənimlədir, amma qılınc da olsa, pis olmazdı. Heç olmasa xəncər olsun (gülür)”.

Zabit Səmədov idmançı karyerasını bitirdikdən sonra belçikalı aktyor Jan-Klod Van Damm kimi ancaq film səhnəsində olmaq istədiyini vurğulayıb:

“Mənim yubiley döyüşlərim yaxınlaşıb. 1-2 döyüşdən sonra karyeramı bitirəcəyəm. Artıq 37 yaşım olacaq. Karyeramı filmlərlə davam etdirmək istəyirəm. Ona görə də Jan-Klod Van Damm kimi bu işə girdim. Düzdür, o elə də güclü idmançı olmayıb, amma filmləri gözəl olub. Mən də onun kimi filmlərə çəkilmək istəyirəm”.