Toylarda düşən davaların əsas səbəbi...
Ötən gün Bakıda bıçaqlanma hadisəsi olub. Hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında baş verib. Burada keçirilən toy məclisində 31 yaşlı Alışov Əmrah Kalam oğlu mübahisə zamanı 32 yaşlı Əsgərov Rəvan Həmidulla oğlunu bıçaqlayıb.
Ümumiyyətlə, toylarımızda dava, qan düşməsi ta qədimdən olub, bu gün də var. Toyda davalar müxtəlif səbəblərdən düşür. Kimisi spirtli içki içir və ağlı başından çıxır, kimisi mahnı üstündə mübahisə edir və s. Hər nədən olur olsun reallıq budur ki, insanların, xeyir işində narahatlıq, həyəcan yaşanır, qan düşür, bəzən toy yarımçıq da saxlanılır.
Mövzu ilə bağlı yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı bildirib ki, bu tip insanlar nevroloji baxımdan problemi olan və içkiyə daha çox meyilli olan insanlardır:
"Əlbəttə ki, bu məsələnin spirtli içkilərlə əlaqəsi çoxdur. Düzdür, elə insan var ki, içki içsə də, bu, ona pis təsir etmir, özünü normal apara bilir. Lakin bu hər kəsə aid deyil, elə insanlar var ki, spirtli içki qəbul etdikdə kontrolu itirirlər. Hər bir halda, içki haramdır, o, beyinə gedən siqnalı dayandırır. Elə insanlar var ki, içki içəndə heç anasını, bacısını da tanımır, vurub atasını, anasını öldürür. O qədər belə cinayətlər eşitmişik ki, insan içib anasını bıçaqlayıb, atasını güllələyib və s. Ona görə, Allah bunu haram buyurub. Toylarda düşən davaların əsas səbəbi spirtli içkidir. Bundan əlavə, psixoloji problemi olanlar da belə hərəkətlər edirlər, insanların məclisinə dava salırlar".
Onun sözlərinə görə, həm toy sahibi, həm də toyu idarə "tamada" bu cür insanların öhdəsindən gəlməyi bacarmalıdır:
"Bəzən toyu idarə edənlər də bu cür insanların öhdəsindən gələ bilmirlər. Mən özüm də belə hadisənin dəfələrlə şahidi olmuşam. Əgər toyda içkili, qanqaraçılıq salmağa meylli adam varsa, gərək ev sahibi onu idarə etsin. Əgər həmin adam özünü kontrol edə bilmirsə, ev sahibi onu məclisdən uzaqlaşdırmalıdır.
Belə şəxslərin dava salmasının qarşısını almaq toyu idarə edəndən də asılıdır, çalışıb hər cür situasiyada məclisi idarə etməyi bacarmalısan. Çox vaxt belə davalar mahnı üstündə düşür. Gəlib mahnı sifariş verirlər, sifariş yerinə yetirilməyəndə, yaxud gecikdiriləndə dava salırlar. Ona görə çalışıb onun istəklərini qabağa salmalısan ki, qanqaraçılıq düşməsin. Müğənni olmaq, məclis aparmaq heç də kənardan göründüyü qədər asan deyil, sən içkili insanı da, ayıq insanı da, əsəbi insanı da razı salmağa çalışırsan. Allah hamımıza ruzi-bərəkət versin, işini rahatlaşdırsın ki, heç kəs başqasının məclisini korlamasın.
Fikrimcə, ev sahibləri bu cür adamları çalışıb məclisə dəvət etməməlidir. Hər nəsildə belə - özünü idarə edə bilməyən, içki içəndə başqa birinə çevrilən bir nəfər mütləq olur və bunu hamı bilir. Çalışıb həmin şəxsi məclisdən uzaq tutmaq lazımdır".