Ağamirzədən sərt sözlər: “Adlarından iyrənirəm”
“Meyxananı bəzilərinə əmanət etdiyim üçün çox təəssüflənirəm. Baxırsan ki, qəşəng meyxana deyir. Amma nə olsun? Nə qədər yalan olar? Artıq onlara nifrət edirəm”.
Demedia.az "olay.az"a istinadən xəbər verir ki, bu sözləri meyxana ustadı Ağamirzə Məmmədov verilişlərin birində qonaq olarkən deyib. O, sənətə gətirdiyi bəzi ifaçıları ad çəkmədən sərt tənqid edib:
“Həmin adamlarla indi mən burada görüşsəm, mənə deyərsən ki, Ağamirzə yalan danışır. Telefona cavab vermirlər. Vermirsən vermə! 4 il bundan qabaq işlətdiyi nömrəni verib ayda bir dəfə açır, ya açmır. Mənə sən lazım deyilsən! Sən ulduzsan, nəsən özün üçün... Məndən bəzi dostlar xahiş edir ki, maraqlan, görək hansı günü boşdur, həmin şəxsi toyumuzda istəyirik. Mən də onlara toy üçün zəng edirəm. Nəticədə cavab vermirlər. Bizim bir dostumuz düz deyib: “Bu pul, şöhrət insana elə başağrısı verir ki, hər oğlan ona dözə bilmir”.
Çoxlarının adlarını telefonumdan silmişəm, iyrənirəm. Ən yaralı yerim telefona cavab verməməkdir. Nə olsun, görən kimi “can”, “başına dönüm”, “qadanı alım”, - deyirlər, bu sözləri təzə tapıblar. Başıma dönürsənsə, telefonuma cavab ver. Mən xalqımızdan xahiş edirəm ki, elə insanları onlar heç məclislərinə dəvət etməsinlər. Sadəcə söhbət meyxanaçılardan getmir, elə müğənnilər də var.
Məsələn, bir uşaq şəkil çəkdirmək istəyir. Elə naz edir ki. Nə olacaq axı bir şəkillə? Hərdən deyirəm, bəsirət gözüm açılsın, hərdən də deyirəm ki, yox, gözüm açılmasın.
Siz Ağasəlimdən, Kərimdən, Nizami Rəmzi, Molla Məhəmməddən artıq olmayacaqsınız. Elə meyxanaçı var ki, Kərim 6 ildir yataqdadır, bir dəfə də olsun onun yanına getməyib. Bir nəfər deyib ki, Kərimin yanına ona görə getmirəm ki, insanları tanımır. Dostumuz da ona qəşəng cavab verib ki, “o səni tanımasa da, sən ki, onu tanıyırsan”. Milyonçular görmüşəm ki, indi 10 manata ehtiyacları var”.