"Zöhrə Abdullayeva incik getdi" - Xalq Artisti
"Zöhrə mənim tələbəm, "Lalə" qızlar ansamblının ən fəal müğənnisi idi. O vaxt konsertlərimizin əksəriyyəti filarmoniyada olurdu, qastrol səfərlərinə də gedirdik. Çox gözəl xanım idi, işini sevirdi. Xəstə olanda yanına gedib-gələ bilməsəm də, telefonla əlaqə saxlayırdıq. Oğlu rəhmətə gedəndə də mənim səhhətim yaxşı deyildi deyə getmədim. Hər dəfə danışanda mənə deyirdi ki, özünü qoru Ceyran müəllimə, amma Zöhrə özünü qorumadı, ölümə getdi bilərəkdən. Son arzusu da oğluna qovuşmaq idi"
Nexeber.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti, "Lalə" qızlar ansamblının rəhbəri Ceyran Haşımova deyib. O, daha sonra əlavə edib.
"Bir müddət bizlə işləyəndən sonra onu nişanladılar və sənətdən uzaq düşdü. Təxminən 10 il fəaliyyət göstərmədi. Həyat yoldaşı ona oxumağı qoymurdu, çox əziyyət verirdi. Bir oğlu oldu bu evliliyindən. Daha sonra gördü ki, sənətdən uzaq düşür, ayrıldılar. Ayrılandan sonra yenidən sənətə qayıtdı. Mən o qızların həm anası idim, həm də bacıları. Oğlunun ölümünə dözə bilmədi, elə oğlunun ölümünün 1-ci ildönümündən 3 gün sonra canını tapşırdı. Allah heç bir ananı balası ilə sınaqa çəkməsin" deyə xalq artisti bildirib.
Ceyran Haşımova "Lalə" qızlar ansamblındakı xanım sənətçilərin fəxri adlara layiq görülməməyindən də şikayətlənib.
"Zöhrə Abdullayeva incik getdi, "Xalq artisti" fəxri adı onun haqqı idi. Nəinki onun, ansamblımdakı bir çox xanımlar bu fəxri ada layiqdirlər. Hamısı "əməkdar artist" fəxri adını daşıyır. Mənim bütün müğənnilərim incikdir, heç biri öz haqqını almayıb. İnsan zöhmətinin qarşılığını almayanda yanıb, tökülür. Belə olur ki, sənət adamları dərdə düşür də" deyə Ceyran Haşımova bildirib.