“Proyekt 2602” film layihəsindən xəbər var - VİDEO



 16:12 03.10.2023     351

Ötən il “Proyekt 2602” filminin promo-çarxı ictimaiyyətə təqdim olundu və geniş rezonans yaratdı. Ancaq təəssüf ki, filmin çəkilişi üçün lazım olan məbləğ hələ də tapılmayıb. Filmin promo-çarxı böyük tamaşaçı auditoriyasını cəlb etmiş, ictimaiyyətdə geniş müzakirə olunub. 

Demedia.az xəbər verir ki, maliyyə məsələlərinin həlli ləngidiyi üçün rejissor Rafiq Hacıyev “Proyekt 2602” layihəsi ilə, Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi “Film layihələri müsabiqəsi”ndə iştirak etməyə qərar verib.

Filmin ssenarisi, tanınmış Amerika kinoşirkəti “Metro Goldwyn Mayer” tərəfindən müsbət rəy alıb. Filmin prodüsserliyini Hollivudun peşəkar prodüsserlərindən biri öz üzərinə götürüb. “Proyekt 2602” layihəsi, Azərbaycanda ilk fantastik-macəra-dram janrında çəkiləcək filmdir. Azərbaycan Televiziyası filmin çəkilməsi üçün müəyyən qədər dəstək göstərəcəyini bildirib. 

Film layihəsinin rəhbəri, rejissor və ssenari müəllifi Rafiq Hacıyev bildirir ki, filmin dünya standartlarında çəkilməsi üçün tələb olunan məbləğ hələ toplanmayıb.

“Bu filmin çəkilişləri üçün bir neçə ildir ciddi şəkildə çalışırıq. Filmin promo-çarxı yüksək keyfiyyətlə hazırlanıb və ictimaiyyətə təqdim olunub. Hazırladığımız promo-çarxdan da aydın olur ki, bu filmin dünya standartlarına uyğun çəkmək nə qədər çətin olsa da, öhdəsindən gələcəyik.

Qarabağın işğaldan azad edilməsindən sonra bu filmin istehsalı və dünya tamaşaçısına təqim olunması, Azərbaycan dövləti adına da böyük uğur olacaq. Uzun müddətdir filmin çəkilişlərinə başlamaq üçün müxtəlif cəhdlər edirik. Mədəniyyət Nazirliyinin keçmiş komandası bizə filmin çəkilişləri üçün dəstək verəcəklərini vəd etsələr də, nədənsə bu dəstək istənilən səviyyədə olmadı. 

Nazirliyinin yeni rəhbərliyi və komandası kino sahəsində mütərəqqi addımlar atmağa, yeniliklər etməyə çalışır. Müəyyən təşəbbüslər, həmçinin ARKA-nın yaranması bizləri də çox ümidləndirib. “Proyekt 2602” kimi ciddi və vacib layihənin ərsəyə gəlməsi, həm mədəniyyətimiz, həm də ölkəmizin beynəlxalq nüfuzu üçün çox vacib və önəmlidir. Bu baxımdan Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi “Film layihələri müsabiqəsi” bizim komanda üçün yeni fürsətdir. Məsləhətləşdik və qərara gəldik ki, biz də öz layihəmizi bu müsabiqəyə təqdim edək. İnanırıq ki, yaranmış şəraitdə bizim layihə müsbət dəyərləndiriləcək və qaliblərdən biri olacaq. Müsabiqədə uğur qazanacağımız təqdirdə biz filmin çəkilişlərinə başlamaq imkanı qazanacağıq. İnanırıq ki, müsabiqə obyektiv keçiriləcək. İndiki halda obyektivlik hər bir kino adamı üçün vacib amildir. “Proyekt 2602” filmi rejissor və layihə rəhbəri olaraq mənim üçün nə qədər vacibdirsə, ölkəmiz, dövlətimiz üçün də vacibdir. Mədəniyyət Naziri cənab Adil Kərimlinin təşəbbüsü və rəhbərliyi ilə başlanan və bu gün də davam edən islahatlar milli kinomuza faydasını verəcəyinə inanırıq. Rejissor kimi mən buna ümid etdiyim üçün ARKA-nın elan etdiyi “Film layihələri müsabiqəsi”nə qoşulmuşam. İnanıram ki, “Proyekt 2602” filmini ərsəyə gətirib həm dünyaya, həm də ölkə tamaşaçasına təqdim edə biləcəyik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan illərdi ki, dünya ictimayyətinə müxtəlif yollarla Qarabağ həqiqətlərini catdırır, məhz bu filmin bu işdə əvəsiz xidməti ola bilər. Çünki filmin ssenarisi həm fərqli yanaşma ilə yazılıb, həm də hal-hazırda dövlətimizin apardığı siyasət ilə tam uyğun gəlir. Biz qalib ölkənin dünya səviyyəli filmini çəkmək, Azərbaycanın qüdrətini bir daha dünyaya göstərmək istəyirik.”