“Deyir, ərim ola-ola...” - Xalq artistindən ağır sözlər



 15:40 02.02.2024     188

Bu gün - 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır deyirlər. Bir millətin mövcud olması onun sağlam gəncliyinin olması, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.

Demedia.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Əli Nur bildirib ki, gələcəyin etibarlı təminatı intellektual səviyyəli, vətənpərvər kadrların yetişdirilməsindən asılıdır. Onun sözlərinə görə bu təbliğat kiçik yaşlardan məktəblərdə aparılmalıdır:

"Gəncləri orta məktəbdən yetişdirmək lazımdır. Hər şey sistemli formada olmalıdır. Ədəbiyyat forumunda məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqubova durub deyir ki, biz Mirzə Ələkbər Sabiri, Səməd Vurğunu orta məktəb dərsliyindən ona görə çıxarmışıq ki, standartlara cavab vermir. Bu nə deməkdir?! Səməd Vurğun dünya şöhrətli şairdir, onun hər bir misrası aforizmdir, qızıldır. Mirzə Ələkbər Sabirin şeirləri ilə böyümüşük, anamız gecə bizi yatızdıranda onun misralarından oxuyub. Standartlara cavab vermir nə deməkdir?

Əxlaq pozulub, təhsil pozulub, müəllimlər uşaqlarda vətənpərvərlik ruhu aşılaya bilmir!

44 günlük müharibədə bu ölkənin oğulları düşmənin burnunu əzdi. İndi AŞPA orda həyasızlıq edir. Kimsiniz siz?! Siz 100 il Osmanlı İmperiyasını dağıtmaq üçün işlədiniz. Almanlar da danışır, siz Hitler kimi faşist yetişdirmisiniz, ömür boyu müharibə etmisiniz, indi durub çaqqal kimi Azərbaycanın əleyhinə ulayırsınız!

Ermənistan başdan-ayağa uydurma bir dövlətdir. Sadəcə, xristian olduqlarına görə, bütün dünya onları müdafiə edir. Bunları məktəbdə tədris etmək, uşaqları maarifləndirmək lazımdır".

Yerli telekanalların durumundan gileylənən Xalq artisti qeyd edib ki, televiziya ilk növbədə mənəvi tərbiyə ocağı olmalıdır:

"Vaxtilə Platon deyib ki, bütün uşaqları tərbiyələndirən müəllimlərdir. İnsanları tərbiyələndirən isə sənətçilərdir.

Bu gün telekanallar elə şəxsləri efirə çıxarır k... Biri 10 dəfə boşanıb, biri 5 dəfə ərə gedib, biri deyir ərim ola-ola başqa kişi ilə yatmışam... Bunlar lazımsız verilişlərdir, əxlaqı pozurlar. Bu, milli faciədir. Ancaq efirdə evlənməkdən, boşanmaqdan danışırlar. Ailənin içinin söhbətini ekrana çıxarmaq olmaz! İnsanlar həyasızlaşıblar".