“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”



 12:23 09.10.2024     496

“Məndən soruşurlar ki, Azərbaycan qadını haqda nə deyə bilərsiniz? Həmişə deyirəm ki, ən dəyərsiz, özünə hörmət qoymayan, yer üzündəki canlılardan ən aşağı hesab olunan bir varlıqdır. Bəzilərinin aşağı varlıq kimi qəbul olunmamasının səbəbi atasının imkanlı olmasıdır”. 

Bu sözləri “Yeni Sabah”a tanınmış psixoloq Samirə Bağırova cəmiyyətdə gündən-günə artan qadın qətlləri ilə bağlı danışarkən bildirib və fikirlərinə belə davam edib: 

“Bir neçə ay öncə hündür mərtəbəli binadan atılan qızın hadisəsinə insanların “özü günahkardır, yəqin nə isə zibili olub" kimi şərhlər bildirməsi və bir il ərzində baş verən qadın qətllərinin sayı onu göstərir ki, ölkəmizdə hələ islamdan öncə qızları diri-diri tonqala atma rutinləri keçirən, vəhşi tayfadan fərqimiz yoxdur. Müxbirlərimiz, xəbər portallarımız Türkiyədə baş verən qadın zorakılıqlarından ağız dolusu danışırlar, amma öz ölkələrində baş verən qadın qətliamına susurlar”.  

Samirə Bağırova ölkəmizdə qadınların qadınlarla qəribə bir düşmənçiliyinin olduğunu vurğulayıb: 

“Valideynlər qız uşaqlarının üstünə düşüb tərbiyə edirlər, amma oğlan uşaqlarının nazını çəkirlər. Hərçənd ki, tam əksi olmalıdır. Çünki qız zatən qızdır. Mədəniyyəti aşıladın vəssalam, tərbiyəsi yerində olacaq. Analar bu xalqın qızlarına düşmən kəsilən oğullar yetişdirirlər. Qadınların daxilində həmcinsinə qarşı qəribə, anlaşılmaz bir aqresiya, nifrət var. Düzgün yoldaş seçməklə deyil, bu məsələlər. Düzgün oğlan uşağı yetişdirmək lazımdır. Dövlət isə qadın qətllərinə qarşı ciddi, daha sərt qanunlar hazırlamalıdır. Televiziyada çalışan qadınlardan tutmuş, məşhur blogerlər, müxbirlər və digər bütün sahələrdə çalışan və daha aktiv sosial həyat sürən xanımlar isə birlik nümayiş etdirməli, qrup yaratmalı və qadına şiddətə qarşı üsyana qalxmalıdırlar. Türkiyəni örnək gətirən, öz qadının ölüsünə söz qoşan millətik”.