Bəhram Bağırzadə bu videoya görə ÜZR İSTƏDİ
Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə paylaşdığı videoya görə, üzr istəyib.
Demedia.az xəbər verir ki, B.Bağırzadə baş vermiş anlaşılmazlığı şərh edib:
“İki gecədir ki, özümə gələ bilmirəm. Narahatlıq keçirirəm, gecələr yatmıram, fikir çəkirəm. Çünki bir Allah bəndəsinin haqqını yemişəm və qəlbinə toxunmuşam. Videoya çəkdiyim həmin o şəxs mənim məhəllə uşağımdır. Onunla neçə ildir salamlaşıb-sağollaşırıq. Tik-Tok-da məsləhətlərlə bağlı bir canlı yayım açdım. İnsanlara yaxınlaşıb, sual verirdim ki, “Nə məsləhət görürsən?”. Onlar isə öz peşəsinə uyğun cavab verməli idilər. Bu zaman isə məhlə uşağım rastıma çıxdı. Çox emosional idim. Evə gəlib həmin o videonu sosial şəbəkələrdə yayımladım. Sonra isə özüm də hiss etmədim ki, başıma belə bir xoşagəlməz hadisə gələ bilər.
“Qurani Kərim”də belə bir misralar var ki, əgər kiminsə qəlbinə toxunmusansa, birinci Allahdan yox, insanlardan üzr istə. Üzr istə, gəl mənə dua et, sənin günahını yuyum. 50 yaşına kimi gəlib çatdım, amma bu işləri görməmişdim. Hər zaman çalışmışam xeyirxah işlər görüm. Amma belə alındı. Mən öz hərəkətimə görə hamıdan üzr istəyirəm. Əgər kiminsə sinirlərinə toxunmuşamsa, hamıdan üzr istəyirəm. Birinci növbədə də mənim məhəllə uşağım Araz qardaşımdan” - B.Bağırzadə videomüraciətində bildirib.
Qeyd edək ki, bir neçə gün öncə əməkdar artist küçədə duran bir şəxsə “Camaata məsləhətin nədir?” sualı ilə yaxınlaşıb. Həmin şəxs isə əməkdar artistə “Sənə qurban olum, çəkmə. Camaata ancaq cansağlığı arzu edirəm. Nə deyim…Həyatda ancaq xeyir iş qalır. Allah hamıya xeyir işı qismət etsin”, - deyə cavab verib.
Tənqidlərdən sonra Bağırzadə videonu silməyə məcbur olub.