Zamanımızı sümürən “qonaq”lar: Onları evimizdən necə qovaq?
Sən Allah, bizim cəmiyyətin zövqünə bax. Ən reytinqli verilişlərimiz cəmiyyətimizin hansı IQ-də olduğunun dəqiq göstəricisidir. Əslində, bu zövqdə, bu qavramada, bu düşüncədə olan insanlar toplusunu heç cəmiyyət də adlandırmaq düzgün deyil...
Gündə üç saat Xoşqədəmin süni stress şoularına baxan adamda hansı pozitiv həyat eşqi ola bilər? Zaur Kamalın canlı efirdəki şitliklərinə saatlarla tamaşa edən hansı “ağıllı”dan ağıl gözləmək olar? Zaur Baxşəliyevin primitiv aktyorluğu sayəsində proqramdan başqa, istənilən həftəbecər adı verilməsi mümkün olan ekran görüntüsü izləyicilərinin qafa tasında beyin hüceyrələri, görəsən, hansı materialdandır?
Şou-proqramlar bütün dünyada kütlənin ən çox izlədiyi verilişlərdir. Amma bizdəki heç şou da deyil axı. Vallah-billah, heç o proqramların bədii rəhbərləri də, aparıcıları da, prodüserləri də efirdən evlərimizə soxuşdurduqları məhsulun hansı janrda olduğunu bilmirlər. Çünki analoqu yoxdur. Azərbaycansayağıdır. Şitdir. Əttökəndir. Bir az ağlı, məntiqi, dünyagörüşü olan adam bu proqram deyilən düşüklüyə beş dəqiqə də baxa bilməz. Özünü çox qəribə hiss edər. Tamaşaçı kimi utanıb xəcalət çəkər ki, mən gör nəyə baxıram.
Axı ailə, məişət mövzularını nə qədər müzakirə etmək olar?! Kimin arvadı kiminlə yatdı, kimin kişisi kimin evindən çıxdı, filankəsin uşağının əsl atası kimdir, qayınata gəlininə niyə göz vurub... İyrənclikdir. Bu mövzuları efirdə müzakirə etmək, buna şərait yaratmaq ürəkbulandırıcıdır.
Ölkənin vətəndaşları nə qədər savadsız olarsa, bu cür proqramların izləyiciləri o qədər çox olacaq. Təhsil geri getdikcə xoşqədəmlər, zaurlar irəli gedəcəklər. Kütlələri böyüyəcək. Onlar hakimi-mütləq olacaqlar hər birimizin evində.
Əvvəl elə düşünürdüm ki, bu “üçlüy”ə ancaq soğan doğrayan xalalar, kartof soyan bibilər, qeybət edən nənələr, qayınanası ilə dilləşən gəlinlər baxırlar... Onlar da başlarını nə iləsə qatmalıdırlar, deyirdim. Amma görünən budur ki, bütün işsiz-gücsüzlər, orta məktəbi güc-bəla ilə bitirənlərin əksəriyyəti potensial tamaşaçıdır. Zatən bu proqramların tamaşaçısı olmasa idi, çoxdan bağlanmışdı. Deməli, tələb var...
Dediyim kimi, problem təhsildən başlayır. Təhsil probleminin isə həlli heç üfüqdə də görünmür...
Bəs bu zövqsüzlükdən necə yaxa qurtarmaq olar?! Həll sadədir, amma bunun üçün bir az cəsarət lazımdır.
İndi bütün dünya televizordan imtina edir. Dünya xəbərləri ilə az-çox maraqlananlar bunu bilməmiş deyillər. TV insanlığa xidmət missiyasını artıq başa vurub. Hər kəs bu zaman əmicisindən xilas olur.
Hər ailədə ən azı bir nəfər orta savadlı, TV bəlasından xilas olmağa çalışan, zaurların, xoşqədəmlərin evinin içində olmasını istəməyən şəxsin olduğunu güman edirəm. Həmin o bir nəfər hər şeyə rəğmən, o TV deyilən sehirli qutunu divarda bərkidildiyi yerdən qoparmalı, vida edirmişcəsinə onu qucağına almalı, içərisindəki xoşqədəmlərlə, zaurlarla bir yerdə pəncərədən bayıra tullamalıdır.
Əvvəl bir az stress olacaq, amma sonra hər şey qaydasına düşəcək.
Mənbə: Yeni Sabah