DİVANƏ VƏ DAHİ LANDAU - Və ona qul olan qadın



Elm
 16:15 20.04.2023     522

1962-ci ilin yanvar ayının 7-dən Moskvanın Timirzyayev rayonundakı 50 saylı xəstəxananın qarşısındakı izdiham, Amerikadan, Avropanın müxtəlif ölkələrindən nadir tapılan dərmanları və adlı-sanlı cərrahları Sovet İttifaqının paytaxtına çatdıran təyyarələr yalnız bir adam üçün idi. Sanki dünya fizika elminin ürəyi Moskvada döyünürdü. Avropanın “Sovetlərin Eynşteyni” adlandırdığı xəstə isə ağır fiziki zədələrlə koma vəziyyətindəydi. Ölkənin bütün tibb heyəti “Sovet Eynşteyni”nin – Lev Davıdoviç Landaunun huşunun özünə qayıtması üçün əlindən gələni edirdi. Təxminən iki aydan sonra yaralının yaşayacağına təminat veriləcək, ancaq o dünyanı görüb qayıtmış bu adamın elmi yaddaşı bərpa olunmayacaqdı. Həkimlər bəşəriyyətin bu nadir fenomenlərindən olan alimin tam sağalması üçün ona lazım olan dava-dərmanlarla bərabər doğulub boya-başa çatdığı Azərbaycanın naz-nemətini də məsləhət görürdülər. Vətəndən onun tam sağalması üçün vaxtaşırı yüksək dağların balı, Xəzərin kürüsü göndərlirdi...

“Mən Bakılıyam”

Rəhmətlik Mehdi Bəyazidin onun haqqında yazdığı yazını indi də ciyərlərimə çəkə-çəkə oxumaqdan doymuram. Mənə elə gəlir, Bəyaziddən daha yaxşı bunu kimsə yaza bilməzdi. Ona görə də, yeri gəldikcə, rəhmətlik Mehdinin həmin yazısından bəhrələnməyi özümə borc bildim. Mehdi yazırdı: “İn­sa­nın ət­raf mü­hi­tin tə­si­rin­dən al­dı­ğı ener­ji və qə­ri­bə ça­lar­lar hə­lə də bio­lo­gi­ya­nın, ge­ne­ti­ka­nın sir­ri ola­raq qa­lır”.

Lan­dau ba­kı­lı idi, Tan­rı­nın bəxş et­di­yi on iki iq­lim­dən doq­qu­zu ilə yoğ­rul­muş­du. Bu ener­ji, bu güc, bu qə­ri­bə əs­ra­rən­giz­li­yi o, hə­mi­şə hiss edir, özü də bu ba­rə­də qə­ri­bə bir vəcd və vəhy­lə da­nı­şır­dı. Bir də­fə arvadı Ko­ra oğulları İqorun üs­tü­nə dü­şən­də o de­miş­di: “Bu­ra bax, bi­zim ev­də yəhudi kim­dir - sən, yox­sa mən? Əl­bət­tə, mən! Am­ma unut­ma ki, mən kök­lü-kö­məc­li qaf­qaz­lı­yam, ba­kı­lı­yam, de­mək is­tə­yi­rəm ki, bə­şə­riy­yə­tin ilk be­şi­yin­də do­ğul­mu­şam. Yə­ni, içim­də son­suz­lu­ğa qə­dər uza­nıb ge­dən nə­ha­yət­siz­lik­dən sər­məs­təm, sər­xo­şam. Ona gö­rə də içim­də­ki azad­lıq mə­ni hər də­qi­qə bi­huş edir­kən, iç­ki içə bil­mi­rəm. Mən is­tə­mirəm sən bi­zim oğ­lu­mu­zu mü­ha­fi­zə­kar yəhudilər ki­mi məc­bur edə­sən ki, müt­ləq ro­yal­da çal­sın, rəsm­lər çək­sin, “yük­sək cə­miy­yət”in sax­ta eti­ket­lə­ri, smo­kinq­lə­ri için­də bo­ğu­lub bat­sın. Biz onu ro­yal qar­şı­sın­da əy­ləş­di­rib müt­ləq bəs­tə­kar gör­mək is­tə­yi­rik. Am­ma onun için­də­ki azad­lıq bəl­kə öz tə­cəs­sü­mü­nü fut­bol­çu ol­maq­da, rəs­sam ol­maq­da, lap elə trak­tor­çu ol­maq­da, bəl­kə də... Don-Ju­an ol­maq­da gö­rür”.

Arvadı Ko­ra vul­kan ki­mi püs­kü­rüb gə­lən bu mo­no­loq­la­rın qar­şı­sın­da çox za­man ba­şı­nı iti­rir­di. Am­ma Ko­ra­nın, dostlarının “Dau” adlandırdıqları bu insan sanki “Gü­nəş ada­mı” idi. Hamı onu sevir, əzizləyir, şıltaqlıqlarına, əndazəni aşan hərəkətlərinə bir dahinin əməlləri kimi baxırdı…

Sadəcə Lev Landau

Landau 1908-ci il yanvar ayının 9-da Bakıda anadan olub. Anası Lyubov Velyaminovna şəhərdə məşhur ginekoloq həkim, atası David Landau Azərbaycanın neft sənayesində ad çıxarmış mühəndis idi. Kiçik yaşlarından balaca Levdə qeyri-adi dərəcədə riyazi qabiliyyət olduğu üzə çıxır.

Təhsilini SSRİ-in ikinci paytaxtı sayılan Leniqradda davam etdirməsiylə Levin qarşısında böyük perspektivlər açılır. O, 1927-ci ildə Leninqrad Dövlət universitetinin bitirərək, Fizika Texnika İnstitutunda aspiranturaya qəbul olunur. 18 yaşlı fizikin ilk elmi işləri bu illərə təsadüf edir.

1929-cu ildə Lev Landau xaricə ezam olunur, ilyarım Danimarkada, İngiltərədə və İsveçrədə işləyir. O, Kopenhagendə Nils Borun institutunda olur, bu dahi alimlə çiyin-çiyinə işləyir. Landau bu müddətdə elektron qazının diomaqnitizm nəzəriyyəsini işləyib hazırlayır. Xaricdə iş təkliflərinə baxmayaraq gənc alim 1932-ci ildə SSRİ-yə qayıdır və Xarkov şəhərində açılmış Fizika Texnika İnstitutunda işləməyə başlayır. Stalin repressiyasının ilk dalğası onu burada yaxalayır. Bir tərəfə baxanda azadlıqsevər və sadəlöhv Lev əslində özü sanki repressiyaya tərəf gedirdi. O, Xarkov institutunda işləyəndə Stalinin əleyhinə yazılmış bir təbliğat çağırışını redaktə edir, həmçinin ölkədə fizika elminin gələcək inkişafı ilə bağlı tənqidi fikirlərlə bağlı məktub hazırlayır. Beləliklə, da­hi fi­zik “al­man ca­sus­la­rıyla əmək­daş­lıq e­dir” qondarma ittihamı ilə gün­lə­rin bir gü­nü zin­da­na atıl­dı.

Fizika İnstitutunun direktoru, Sovet elmində “xeyirxah insan-alim” titulunu qazanmış aka­de­mik Ka­pit­sa Stalinə məktub yazaraq dünya şöhrətli alimin, dahi fizikin həbsdən azad olunmasını xahiş edir. Kapitsanın məktubundan oxuyuruq: “Yoldaş Stalin, sizə məlum olduğu kimi dövlətimizin və hökümətimizin tapşırığı ilə mən çox mühüm bir elmi iş üzərində işləyirəm. İşin eksperimental hissəsində böyük uğurlar əldə olunub. Lakin maye heliumumla bağlı nəzəri məsələlərin işlənilməməsi ucbatından tapşırıq yerinə yetirilə bilmir. Bu nəzəri problemin öhdəsindən yalnız Lev Landau gələ bilər”.

Kapitsa tək deyildi. Dünya şöhrətli  alimlər - Heyzenberq, Nils Bor da Landaunun azad olunması xahişi ilə sovet rəhbərinə müraciət etmişdilər. Nəhayət səylər bəhrəsini verir. Molotov Stalinin tapşırığı ilə Kapitsanı söhbətə çağırır. Saat yarımlıq görüşdən sonra xətakar Lev akademik Kapitsaya zaminə verilir. Azadlıq sənədində yazılmışdı: “SSRİ Xalq Daxili İşlər Komissarlığının 1938-ci il 28 aprel tarixli qərarı ilə Lev Davidoviç Landau barəsində cinayət işinə xitam verilsin”.

Yeri gəlmişkən, onu deyək ki, Landau həyatının sonuna qədər Kapitsaya demək olar ki, səcdə edib. Hamını, hətta özündən yaşca böyükləri belə dolamaqdan çəkinməyən Lev Landau Kapitsaya münasibətdə yalnız və yalnız ehtiram nümayiş etdirib. Təsadüfi deyil ki, illər sonra Kapitsa da vəzifəsindən uzaqlaşdırılanda Dau heç nədən çəkinmədən onun yanına gedib-gəlirdi.  

Beləliklə, Landau xilas edilir, ancaq birillik həbsxana divarları öz işini görmüşdü. Kapitsa onu qır­mı­zı ter­ro­run qan­lı cay­na­ğın­dan alan­da, ayaq  üs­tə du­ra bil­mir­di, bir də­ri, bir sü­mük qal­mış­dı; onu tə­ci­li su­rət­də hə­ya­ta qay­tar­ma­ğa baş­la­dı­lar. O isə hü­dud bil­mə­yən nik­bin­li­yi­lə özü­nə də, baş­qa­la­rı­na da sa­ta­şa-sa­ta­şa de­yib-gü­lür­dü. Və... bir ba­la­ca özü­nə gə­lən ki­mi elə xəs­tə­xa­na­da­ca fü­sun­kar bir dil­bə­ri ya­ta­ğı­na çək­di­yi bi­li­nən­də dok­tor qə­zəb­lə on­dan “bir aya­ğı­nız bur­da, bir aya­ğı­nız gor­da ikən, de­yin gö­rüm bu nə de­mək­dir?” soruşanda cavab vermişdi: “Dok­tor, mən ney­lə­yim ki, bu, sa­də­cə ola­raq Lev Lan­dau de­mək­dir?” O, ya­lan da­nış­mır­dı, bu, doğ­ru­dan da Lev Lan­dau de­mək idi...

Qısqanclığı sevməyən Dau

Onun şəxsiyyəti, insanlara, dünyaya baxışları haqqında müasirlərinin, həmkarlarının çoxunun xatirələri var. Bu xatirələrdən məlum olur ki, Lev Landau yalanı sevməz, elmə saxtakarlıq qatanlara qarşı amansız olar, həyatını fizikadan kənarda təsəvür eləməzdi. Ancaq bütün bunlarla belə onun həyat yoldaşı Koranın bom­ba part­la­yı­şı­nı do­ğu­ran xa­ti­rə­lə­rin­də o, həm də bax be­lə nəqş edil­miş­di: “Da­un­ka ota­ğa uça-uça gir­di; mə­ni bərk-bərk qu­caq­la­yıb bur­num­dan öp­dü və elan elə­di: “Ko­raç­ka, sə­nə şad xə­bər! Bu gün ax­şam sa­at doq­quz­da evə can­la­ra­lan bir qız gə­ti­rə­cə­yəm. Ona de­mi­şəm ki, sən bağ­da­san - ya ev­də səs­siz­cə otu­rar­san, ya da ümu­miy­yət­lə, çı­xıb ge­dər­sən. Siz üz-üzə gəl­mə­mə­li­si­niz. Bu onu hür­küdə bi­lər”.

Hə­min gün Ko­ra elə hə­min şkaf­da­ca giz­lən­miş­di. Və həs­bi-ha­lın ən şi­rin ye­rin­də bir­dən-bi­rə or­ta­ya çıx­mış­dı. Bu, sa­diq qa­dı­nın bi­rin­ci və axı­rın­cı qi­ya­mı idi. Bun­dan son­ra­kı be­lə ax­şam­lar­da o, din­məz-söy­lə­məz öz ota­ğı­na çə­ki­lə­rək, Lan­dau­nun ota­ğın­dan sü­zü­lən işı­ğa ba­xa-ba­xa qa­la­caq­dı, çün­ki əri qıs­qanc­lı­ğı vəh­şi və ib­ti­dai duy­ğu he­sab edir­di. Am­ma bu vəh­şi və ib­ti­dai duy­ğu onu di­va­nə­lər ki­mi se­vən qa­dı­nı əzib kül­xınc edir­di. Bu­nu üzə vur­maq isə Ko­ra­ya ba­ha ba­şa gə­lir­di. Qıs­qanc­lı­ğa gö­rə ai­lə büd­cə­sin­də­ki pa­yın­dan “Da­un­ka” cə­ri­mə­lər tu­tur­du!

Bəli,  fizika-riyaziyyat dahisi Lev Landau hələ cavanlığından - Xarkovda barmaqla göstərilən Kora ilə evlənəndə qadınla şərt kəsmişdi ki, onun azadlığını əlindən almağa cəhd göstərməsin.

İllərdir Ko­ra­nın xa­ti­rə­lər ki­ta­bı­nın əl­yaz­ma­la­rı ba­rə­də söz-söh­bət­lər kə­sil­mək bil­mir. Ar­tıq o dərc olu­nub, əl­dən-ələ gə­zir, İn­ter­ne­tə də ve­ri­lib. Am­ma sən de­mə, onun bə­zi his­sə­lə­ri in­cik düş­müş aka­de­mik­lər və on­la­rın xa­nım­la­rı tə­rə­fin­dən yo­xa çı­xa­rı­lıb.

Divanə dahi

Landau həmişə deyərdi: həyat o qədər qısadır ki, elmdə məlum olan məsələlərə yenidən qayıtmaq vaxt itkisidir. O, bütün elmi dərəcələri, zirvələri digərlərinə qismət olmayan yaşlarda əldə eləmişdi. 26 yaşında artıq dissesrtasiya müdafiəsi keçmədən fizika-riyaziyyat elmləri doktoru, 38 yaşında akademik və SSRİ-in ən ali Dövlət mükafatlarının sahibi, bir sıra dünya ölkələrinin elmlər akademiyasının akademiki idi. Həyatda hər şeyi, hətta ailmləri, qadınları, əşyaları belə sistemləşdirən, dərəcələrə ayıran Landau dövrünün dahi alimlərini də sıralamışdı. O, birinci yerdə Albert Eynşteyni qoyurdu. Dau deyirdi ki, ümumi nisbilik nəzəriyyəsi ilə tanışlığı həmin nəzəriyyənin təsəvvür oluna bilməyən gözəlliyi onda heyrət doğurub: “Enyşteynin nisbilik nəzəriyyəsi ila tanış olandan sonra insan zəkasının hansı möcüzələrə qadir olduğuna bir daha inandım”. İkinci yerdə onun üçün Nils Bor gəlirdi. Landau bu dahi alimlə yanaşı işlədiyi üçün həmişə fəxr edirdi. Elə Nils Bor da onu oğlu kimi sevirdi. Borun həyat yoldaşı Landaunu belə xatırlayırdı: “Dau çox qeyri-adi cavan idi. Bir də görürdün, yaşca özündən böyük bir alimi əməlli-başlı ələ saldı. Ancaq bu şıltaq dahinin Nils Borla münasibəti ata-oğul münasibətlərinə daha çox oxşayırdı”. Bu dahilərin sırasında Landau üçüncü yerdə özünü görürdü…

Ancaq dahilərə xas sadəlövlük, hamıya inanmaq xüsuiyyəti onu heç vaxt tərk etmədi. Bəli, bü­tün son­suz eh­ti­ra­sı, şəh­vət ça­tıl­tı­la­rı ilə bə­ra­bər, Lan­dau di­gər mə­sə­lə­lər­də də ge­niş­miq­yas­lı adam idi. Çox za­man uşaq ki­mi sa­də­lövh olan bu ada­mı bə­zi­lə­ri im­kan dü­şən ki­mi al­da­dır­dılar. Kəşf­lə­ri­ni, pu­lu­nu çır­pış­dı­rır­dı­lar, rüt­bə­si­nə, ad-sa­nı­na şə­rik çı­xır­dı­lar. Kapitsa onun haqqında hə­mi­şə elə bil qeyb­dən gəl­miş adam ki­mi da­nı­şırdı. Ka­pit­sa de­yir­di: “Dau elə bil öz kəşf­lə­rin­dən bi­xə­bərdi, elə bil bü­tün bun­la­rı özü­nü unut­ma­ğa qə­dər ge­dib çı­xan ila­hi bir vəcd ilə elə­miş­di. Bə­zən mə­ni ona gö­rə gül­mək tu­tur­du ki, nə elə­di­yi­ni ona tə­zə­dən ba­şa sal­maq la­zım gə­lir­di. Tə­zə şey eşi­dib­miş ki­mi bərk se­vi­nir­di. Mən bir çox eks­pe­ri­ment­lə­ri­min nə­zə­ri iza­hı­nı ona hə­va­lə et­miş­dim. Eks­tra-klass in­tel­lek­ti bu eks­pe­ri­ment­lə­ri bir göz qır­pı­mın­da qav­ra­yır­dı”.

Landaunu məhz bu xüsusiyyətlərinə görə o illər SSRİ-də aparılan məxfi tədqiqatlara cəlb edirlər. Stalinin hakimiyyətdə olduğu vaxt bu məsələlərə birbaşa Beriya rəhbərlik edirdi və qarşıya atom bombasının hazırlanması tapşırığı qoyulmuşdu. Landaunu əsasən nəzəri fizikanın problemləri maraqlandırdığından o bu işlərə çox həvəssiz yanaşır və sonda burdan canını qurtarmağa nail olur.

Həyatla ölüm arasında

Lev Landaunun zəngin elmi yaradıcılığında onun yazdığı dəyərli kitablar mühüm yer tutur. Landaunun Lifşiçlə birgə yazdığı “Nəzəri fizika kursu” dərsliyinin isə elm tarixində özünəməxsus yeri var. Ancaq maraqlıdır ki, bu dərsliklə bağlı da Landau barədəki əsassız dedi-qodulardan biri yayılıb. Məsələ bundadı ki, bəziləri bu məşhur dərsliyin Landaunun diktəsiylə yazıldığını deyirlər. Hesab olunur ki, Lifşiçin bu dərsliklərdəki xidməti yalnız Landaunun fikirlərini anlaşılan şəkildə qələmə almaqdan ibarətdir. 

1962-ci il yanvar ayının 7-də Lev Landau özü­nü as­ma­ğa cəhd gös­tər­miş gənc as­pi­ran­tı­nı tən­beh elə­mə­yə yol­la­nar­kən avtomobil qəzasına düşür. Buzlu yolda avtomobil qarşıdan gələn yük maşınına çırpılır. Sürücünün yanında oturmuş Landau kəllə-beyin travması və ciddi bədən xəsarətləriylə huşsuz halda xəstəxanaya gətirilir. Bütün dünya alimləri dahi fizikin həyatda qalması üçün əllərindən gələni edirlər. Onu sö­zün hə­qi­qi mə­na­sın­da ti­kə-ti­kə yığ­ır­lar. Landau həyata qayıdır, ancaq bir daha elmə, həyatından artıq sevdiyi fizikaya qayıda bilmir. Ne­çə müd­dət yal­nız göz­lə­ri ba­xır­dı, özü isə elə bil yox idi. Şüu­ru özü­nə qa­yıt­mır­dı, mü­qəv­va ki­mi hə­rə­kət­siz - nə ölü ki­mi ölü, nə di­ri ki­mi di­ri! O, bundan sonra yaddaşsızlıq mərəzindən əziyyət çəkməli olur ki, ilk illərdə dostlarını, tanışlarını, həmkarlarını, hətta həyat yoldaşını belə tanımır. Ancaq yaddaşı özünə qayıtdığı dövrlərdə də ona daxili orqanlarında baş verən və heç kimin baş açmadığı xəstəliklər əziyyət verir.

Nobel ödülü və son

1962-ci ildə Landaunun yatdığı xəstəxanaya məktub gəlir. Məktubda yazılmışdı: “Moskva, Elmlər Akademiyası, professor Lev Landauya 1 noyabr 1962-ci il. İsveçin Kral Akademiyası Sizi “Kondensasiyalı, xüsusən maye helium mühitində nəzəri işlərinizə” görə Nobel mükafatına layiq görüb. Daimi katib Erik Rudber”. Ancaq alim xəstəxanada olduğu üçün Nobel ödülünü özü ala bilməzdi. Ona görə də, Nobel fondu tarixində ilk dəfə çoxillik ənənəsinə xilaf çıxaraq ödülü xəstəxanada təqdim eləyir. Bu, Lev Landauya olan hörmətin və ehtiramın göstəricisiydi. Beləliklə, 1962-ci il dekabr ayının 10-da 54 yaşlı dahi Landauya diplom və 250 min isveç kronu məbləğində çek təqdim olunur. Landau mükafatı təqdim edən İsveçin SSRİ-dəki səfiri Rolf Sulmana ingiliscə deyir: “Sizə təşəkkür edirəm, cənab səfir. Nobel komitəsinə, həmçinin İsveçin kralına mənim təşəkkürlərimi çatdırın. Ümid edirəm ki, sağalan kimi Sizin gözəl ölkənizə səyahət edəcəyəm”.

Şahidlər yazırlar ki, Landau Akademiyanın prezidenti Keldışın, Kapitsanın, Heyzenberqin, Tammın təbriklərini qəbul etdikcə sanki sağalmaz xəstəlikdən canı qurtarırmış kimi sevinir, hamıyla zarafat edir, deyib-gülürdü. Elmi dairələrdə isə bu mükafatın gecikdiyi haqqında daha çox danışırdılar. Amerikanın məşhur “Layf” jurnalı yazmışdı: “Landau ölümündən sonra Nobel aldı. Əslində, bu mükafat ona tez verilməliydi. Hələ onu demirik ki, alimin bundan savayı ən azı yeddi işi Nobel mükafını almağa layiq idi”. Onun fiziki ölümünə isə hələ 6 il qalırdı. Hələ 6 il sərasər həyatsevər Lev canındakı ağrılardan həyatına lənətlər yağdıracaqdı.

Bu ərəfədə Lev Lan­dau­nun ar­tıq bir heç­lik, bir yı­ğın sür-sü­mük­dən baş­qa heç nə ol­ma­dı­ğı ba­rə­də aka­de­mik dai­rə­də şa­yiə, söz-söh­bət ya­yı­lan­da, həm­kar­la­rı qəlb­lə­ri­nin də­rin­li­yin­də il­lər­lə yı­ğı­lıb qal­mış pa­xıl­lı­ğa, kin-kü­du­rə­tə rə­vac ve­rə­rək bir-bir on­dan üz dön­də­rdilər. Bəziləri onun el­mi kəşf­lə­rinin pu­lu­nu al­mağa, digərləri əcəl yas­tı­ğın­da, ne­cə de­yər­lər, öl­mək­də olan ayı­nın də­ri­si­ni bö­lüş­dür­mə­yə tə­lə­sir­di­lər. Be­lə­cə öz tə­ləs­mək­lə­ri­nə rəğ­mən çox şe­yə də na­il ol­du­lar. Əgər Ka­pit­sa öz sərt xa­rak­te­ri­lə bir çox mə­sə­lə­lə­rə mü­da­xi­lə et­mə­səy­di, az qa­la, Lan­dau­nun No­bel mü­ka­fa­tı­na, dün­ya aka­de­mi­ya­la­rı­nın bir sı­ra təl­tif­lə­ri­nə də şə­rik çı­xa­caq­dı­lar. Ka­pitsa deyirdi: “İn­san xis­lə­ti o qə­dər dəh­şət­li­dir ki, hət­ta Lan­dau ya­vaş-ya­vaş sa­ğal­ma­ğa baş­la­yıb, özü­nə gə­lən­də bun­la­rın üs­tü­nə elə bil su ələ­nir­di”.

Bakılı alim isə heç kimin gözləmədiyi bir vaxtda vəfat etdi. Zarafatcıl Lev Landau daxili orqanlarında aparılan əməliyyatdan ayılmadı və 1968-ci il aprel ayının 1-də dünyasını dəyişdi. Lev Landaudan sonra arvadı Kora xeyli yaşadı. Deyirlər, ölümünə bir az qalmış o deyib: “Mə­nim dün­ya­da ən bö­yük səa­də­tim, ən bö­yük uğu­rum Dau­ya rast gəl­mə­yim idi”.

Mehdi Bəyazid isə Koranın bu sözlərinə cavab olaraq yazmışdı: “Yer­də qa­lan qa­dın­la­rın­sa ən bö­yük uğu­ru o idi ki, Al­lah on­la­rı bu di­va­nə qa­dı­nın “Dau”sun­dan uzaq elə­yib, çün­ki da­hi­lə­rə qul ol­maq yan­ğı­sı şi­rin ol­du­ğu qə­dər də al­da­dı­cı və dəh­şət­li­dir”.

İlham TUMAS

1

1

1

1

1

1