Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb



 22:34 26.02.2021     394

Xocalı hadisələrinin şahidi, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Samirə Hüseynova həmin günlə bağlı xatirələrini bölüşüb.

Nexeber.az Trend-ə istinadən bildirir ki, o, ADA Universitetində Xocalı faciəsinə həsr olunmuş tədbir zamanı çıxış edib.

S.Hüseynova bildirib ki, hadisə baş verən vaxt 12 yaşı var idi:

"Hadisələr başlayanda biz evdə idik. Atam gəlib xəbər verdi ki, ermənilər şəhərə daxil olub, ona görə də uşaqları, qadınları və qocaları Xocalıdan çıxarmaq lazımdır. Biz çətinliklə çaya çatdıq, ayaqyalın buz kimi sudan keçərək meşəyə daxil olduq. Bütün bu vaxt ərzində ermənilər bizi təqib edirdi. Gözlərimin önündə çox adam həlak oldu. Kiçik qardaşım gözündən güllə yarası aldı".

O bildirib ki, ailəsi çətinliklə Ağdama çatdı. Oraya həlak olanların meyitlərini də gətirməyə başlamışdılar:

"Mən atamı və qohumlarımı axtarmağa başladım, amma heç kimi tapa bilmədim və o vaxtdan bəri onlar barədə heç nə eşitməmişəm".