Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür
Bu gün Şuşa fatehi, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin doğum günüdür.
Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
ikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub. 2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib. Daha sonra isə Ali Baş Komandanın 17 oktyabrda imzaladığı sərəncamla ona general-leytenant ali hərbi rütbəsi verilib.
Onu da bildirək ki, 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.
Şuşa işğaldan azad olan gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Birlik komandiri Hikmət Mirzəyevə zəng edib. Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.