Vətən müharibəsindən sonra bu zabitlərdən xəbər yoxdur... - FOTOLAR



 19:40 02.03.2021     777

Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş hərbçilərimizin yenilənmiş siyahısını açıqlayıb. İtkin düşən 28 hərbçidən 6-sı zabitdir.

Nexeber.az milli.az-a istinadən xəbər verir ki, qafqazinfo bu məqamda onlarla bağlı məlumatları təqdim edir:

Kapitan Pənahov Əkbər Bəylər oğlu

İtkin düşən zabitlərdən biri də Əkbər Pənahovdur. Onunla son dəfə Murovdağda olarkən əlaqə saxlanılıb. Məsələ burasındadır ki, müharibənin gedişində düşmən tərəfi sosial şəbəkədə kapitan Pənahovun hərbi biletinin şəkilini yaymışdı. Ailəsi 31 yaşlı zabitimizin şəhid və ya əsir olmasından xəbərsizdir.

Kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlu

İtkin düşən digər kapitan isə Rəhmətov Əbülfəz Hüseynverdi oğludur. O, 3 iyul 1989-cu ildə Lerikin Anbu kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçısı olan kapitan Rəhmətov, Tovuz döyüşlərində də ön xətdə olub. O, Vətən müharibəsində Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda döyüşüb. Oktyabrın 15-dən sonra isə zabitlə əlaqə saxlamaq mümkün olmayıb. 

Baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu

İtkin düşən Qənbərli Qənbər Tərtərin Kəngərli kəndindəndir. 1993-cü ildə anadan olub. Vətən müharibəsində Murovdağ istiqamətində döyüşlərdə iştirak edib. Daha sonra ondan xəbər almaq mümkün olmayıb. Ailəlidir, bir övladı var.

Leytenant Abdullayev İntiqam Allahverdi oğlu

 

ƏTRAFLI

Pulsuz Apar!

Zabitimiz 1998-ci ildə Ordubadın Düylün kəndində anadan olub. Onun sənədləri də ermənilər tərəfindən lentə alınmış şəhid hərbçilərimizin nəşlərinin göstərildiyi videoda təqdim olunub.

Leytenant Yusifov Əli Suləddin oğlu

1997-ci il təvəllüdlü zabitimiz sonuncu dəfə ailəsi ilə oktyabrın 3-də əlaqə saxlayıb.Həmin vaxt Füzuli istiqamətində olduğunu bildirib. Naxçıvanın Şərur rayonunun Oğuz kəndindəndir. 

Leytenant Vəlizadə İbrahim Səməd oğlu

Bundan başqa, leytenant Vəlizadə İbrahim Səməd oğlu da itkin düşən 6 zabitdən biridir. İbrahim Vəlizadə 1998-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olub.

Müharibədən əvvəl Şəmkirdə "N" saylı hərbi hissədə xidmət edib. Sonuncu dəfə ailəsi ilə sentyabrın 26-da əlaqə saxlayıb. Onun sonuncu dəfə Kəlbəcər istiqamətində döyüşlərdə iştirak etdiyi bildirilir.