Ödəmə terminalını belə oğurladılar - VİDEO



 14:58 03.03.2021     586

Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3 953 manat pul vəsaiti olan E-manat ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Nexeber.az-a verilən məlumata görə, hadisə barədə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Qısa zamanda “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Məmməd Kazımov və Emil Həmzəyev saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib k, bu şəxslər oğurluğa M.Kazımovun idarə etdiyi VAZ-21011 markalı avtomobillə gediblər. Hadisədən əvvəl onlar avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirmək üçün Sabunçu rayonunda başqa bir “Şevrolet” markalı nəqliyyat vasitəsinin nömrələrini oğurlayıblar. Daha sonra idarə etdikləri avtomobilə həmin dövlət qeydiyyat nişanlarını bağlayaraq Binəqədi rayonunda qeyd edilən oğurluq hadisəsini töərədiblər. M.Kazımov və E.Həmzəyev ödəmə terminalını Masazır qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın ərazisində yararaq içərisində olan pulu ələ keçiriblər. E.Həmzəyev hadisədən sonra oğurlanan pulun bir qismi ilə özünə məxsus “Xəzər” markalı avtomobilin kredit borcunu ödəyib.

Qeyd edək ki, saxlanılan şəxslərin marketdən ödəmə terminalını oğurladığı anlar müşahidə kameraları vasitəsi ilə anbaan qeydə alınıb.

Bu şəxslərin ətraflarında araşdırma aparılan zaman onların elə həmin gün Nəsimi rayonunda yerləşən mağazalardan birindən 400 manat oğurladıqları məlum olub.

Faktla bağlı 6-cı Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. M.Kazımov və E.Həmzəyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.