“Azərişıq” sahibkarı aldadıb? – Şikayət



 11:32 04.03.2021     581

Azərişıq ASC Ağstafa rayonu Qırlı kənd sakini Araz İsayevə 1441 manat borc yazıb.

Nexeber.az xəbər verir ki, bu barədə iddianı Axar.az-ın redaksiyasına şikayət məktubu ünvanlayan Araz İsayevin özü qeyd edib.

O bildirib ki, fevralın 3-də işıq sayğacının yandığı haqda “Azərişıq” əməkdaşına məlumat verib, fevralın 10-da onu yenisi ilə dəyişiblər:

“Bu hadisədən 1 həftə sonra isə “Azərişıq” əməkdaşları 1441 manat borcum olduğunu bildirdilər. Lakin hər ayın ödənişini etdiyim halda bu borcun yazılma səbəbini anlamadım. Onların borcumun olması barədə mənə məlumat verdikləri gün kompüterdə yoxlatdım və adımın qarşısında borc çıxmadı. Buna etiraz etdikdən sonra dedilər ki, 1000 manat ödəniş et. Həm haqsız yerə yazılması, həm də imkanımın olmaması səbəbindən ödənişdən imtina etdim. Növbəti dəfə mənə 500 manat ödəniş etməyimin lazım olduğunu dedilər. Bununla bağlı “Azərişıq” rəhbərliyinə ərizə yazmışam”.

A.İsayev onu da qeyd edib ki, idarə əməkdaşları ona ərazidəki işıq dirəyinin dəyişdirilməsi və yeni sayğacın quraşdırılması adı ilə sənədə imza çəkdiriblər, sonra məlum olub ki, bu sənəd onun borcu olması barədə aktdır.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Azərişıq ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu bildirib ki, vətəndaş sayğaca müdaxilə etdiyi üçün cərimələnib:

“Bununla bağlı tərtib edilən akt da vətəndaş tərəfindən imzalanıb. Özü də bununla razılaşıb və hətta endirim də istəyib. Aktla razılaşmayan şəxs endirim istəməz, imtina edər”.