"Pandemiya bitməyə doğru gedir" - Professor
Tibb elmləri doktoru, professor İbadulla Ağayev teleqraf.com-un suallarını cavablandırıb.
Nexeber.az müsahibəni təqdim edir.
- İbadulla müəllim, ölkədə COVID-19-a yoluxma sayı artmaqdadır. Pandemiyanın gedişatı ilə bağlı fikirləriniz necədir?
- Dövlət bütün tədbirləri görür. Azərbaycanda tətbiq olunan əks-epidemik tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən digər ölkələrə nümunə göstərilib. İlk gündən apardığımız əks-epidemik tədbirlər nəticə verib. Bəli, yoluxma artıb-azalır. Buna səbəb əhalinin qaydalara tam riayət etməməsidir.
Dəfələrlə deyilməsinə baxmayaraq, yenə də maskasız küçədə gəzənlər var. İctimai nəqliyyatda biri maskanı düzgün taxırsa, digər çənəsinə çəkir. Söz də demək olmur, deyən kimi hücuma başlayırlar. Burada yeganə çıxış yolu insanın özünün-özünü qorumasıdır.
- Üçüncü dalğa kimi gözləntiniz varmı?
- Pandemiya bitməyə doğru gedir. Düşünürəm ki, bununla da pandemiya bitəcək. Pandemiyalarda dövrülük var. Bu pandemiya da öz-özünə sönüb getməlidir. Bu isə insanların qaydalara nə dərəcə riayət etməsindən asılıdır. Hava isinməyə başlayır, yay fəsli gəlir. Epidemiploq kimi düşünürəm ki, ölkəmiz üçüncü dalğadan kənar qalacaq.
- Vaksinasiya 3 aya yaxındır davam edir. Prosesi necə qiymətləndirirsiniz?
- Dövlət əhalinin vaksinasiyasına külli miqdarda məbləğ ayırıb. Bəziləri şayiələr səsləndirirlər. İstifadə olunan hər bir vaksin yoxlanışdan keçirilir. O cümlədən COVID-19-a qarşı vaksinlər sınaqlardan keçirildikdən sonra əhaliyə tətbiq olunur. Hazırda əhalinin müəyyən qrupu yayılan söz-söhbətlərə inanaraq vaksindən imtina edir.
Əgər vaksin olmasaydı, insanlar xəstəliklərdən sağ çıxmazdı. Yaşlı nəslin nümayəndələrinə baxsanız, hər birində vaksinin izi qalıb. Bu gün də poliklinikalarımız, sahə həkimlərimiz anadan olan uşaqlara doğum evindən başlayaraq peyvənd edirlər.