Bir ildir bağlı qalan idman zalları... - Bu qədər fasilənin hansı fəsadları ola bilər?
Artıq bir ildir ki, Azərbaycanda idman zalları bağlıdır. Ölkəmizdə yaxın günlərdə nəinki zalların fəaliyyətinin bərpası, əksinə, karantinin daha da sərtləşməsi ehtimalı var. Yoluxma sayının artması səbəbindən idman zallarının tezliklə açılması gözlənilmir.
Bəs idman zallarının 1 ildir bağlı olması hansı problemlərə səbəb ola bilər?
Uzun müddət idmanla məşğul olan biri üçün 1 illik fasilə sağlamlıqla bağlı ciddi problemlərə yol açır. Ekspertlərin fikrincə, illərlə nizamlı şəkildə idmanla məşğul olan birinin bu qədər uzun müddət məşqsiz qalması həm fiziki, həm psixoloji fəsadlara gətirib çıxara bilər. Hətta, uzun müddət idman etməyən şəxsdə depressiyanın əlamətləri belə özünü göstərir. Bu, həm kökəlmək və ya arıqlamaqla bədən formasının dəyişməsi, həm də, idman etdikdən sonra hiss edilən xoşbəxtlikdən məhrumolma ilə əlaqədardır. Həmçinin, idmanla məşğul olmamaq immunitetin zəifləməsi deməkdir.
Ölkəmizdə açıq havada idmanla məşğul olmağa icazə verilir. Lakin bəzi bədən tipləri üçün məhlə və ya parklarda qurulan bu kimi idman alətləri kifayət deyil. Çətin arıqlayan və kökələn insanların formada qalması üçün ağırlıqqaldırma və məhz xüsusi əzələ qrupları üçün nəzərdə tutulan idman alətləri ilə məşq etməsi vacibdir. Bu alətlər isə ancaq trenajor zallarında olur və qiymətləri yüksək olduğuna və çox yer tutduğuna görə ev üçün almaq hər kəs üçün əlçatan deyil.
Əvvəllər tibbi maska ilə idman etməyin zərərləri ilə bağlı məqalələr yayılsa da, uzun müddət idman etməməyin daha zərərli olduğu anlaşılıb. Koronavirusun ilkin yayıldığı vaxtlarda bir sıra ölkələrdə idman zallarının fəaliyyətinə qadağa qoyulmasına baxmayaraq bir müddət sonra həmin məhdudiyyət ləğv edilib. Hətta, qardaş ölkə Türkiyədə belə idman zallarının fəaliyyətinə icazə verilir.
Koronavirus infeksiyası təhlükəlidir, bu virus səbəbindən dünyada hər gün minlərlə insan ölür. İnsanların bir-biri ilə təması artdıqca virusun yayılma riski çoxalır. Lakin kafe və restoranların açıq olduğu, ictimai nəqliyyatda insanların sıxlıqla hərəkət etdiyi, vaksinləşmənin həyata keçirildiyi vəziyyətdə idman zallarının açılması heç də təhlükəli görünmür. Əksinə, idman etmədiyinə görə immuniteti zəifləyən şəxslərin virusa yoluxması və ətrafdakılara yoluxdurması riski daha da artır.