Borsunluda pambıq bata bilər - Yaz yağışlarının ümidinə qalan əkin sahələri
Yaz əkin işləri suvarma suyuna tələbatı artırır. Lakin, elə kəndlərimiz var ki, orada sözün əsl mənasında su qıtlığı yaşanır. Bu səbəbdən də təsərrüfatçılar ya yaz əkinlərinə başlaya bilmir, ya da payızda əkilən sahələri suvarmaqda ciddi çətinliklə üzləşirlər.
Bu barədə EL.TV televiziyasının hazırladığı süjetdə xəbər verilir.
Tərtər rayonunun Borsunlu kəndində də elə eyni vəziyyət yaşanır. Bir neçə il davamlı olaraq Tərtər rayonunun pambıqçılıqda yüksək nailiyyətlər əldə etməsi, rayonun Borsunlu kəndindəki təsərrüfatçıların da pambıq əkininə marağını artırdı. Lakin indiki vəziyyət fermerlərin ürəyincə deyil. Torpaq sahələri olsa da onlar çiyid səpinini apara bilmirlər. Buna səbəb isə suvarma suyu ilə bağlı çətinliyin hələ də həllini tapmamasıdır. Payızda əkilən sahələrin də suvarılması böyük problemə çevilib. Sahələrin bir hissəsi Suqovuşan su anbarından gələn suyun hesabına qismən sulansa da 400 hektardan çox sahə hələ də susuz qalır. Əkin sahələrinin su təminatını ödəmək üçün beton kanal üzərində nasos stansiyası inşa ediləndə Borsunlu fermerlərinin üzü gülüb. Lakin, 3 ilə yaxındır ki, həmin nasos stansiya çalışmır. Fərdi nasoslardan istifadə etmək məcburiyyətində qalanlar isə istənilən nəticəni əldə edə bilmirlər.
Tərtər Suvarma Sistemləri İdarəsindən bildirilir ki, həmin nasos stansiya Borsunlu kəndinin suvarma suyuna olan tələbatını ödəmək üçün tender əsasında inşa edilib. İnşaat işləri iki mərhələdən ibarət olub. İşlərin birinci mərhələsi başa çatsa da, ikinci mərhələnin hələ də bitməməsi stansiyanın işə düşməsini ləngidir. Belə olan halda fermerlərin yalnız bir ümidi qalır, o da yaz yağışlarına. Əgər yaz yağışları da olmasa, xərc çəkib yüzlərlə hektar sahədə əkin işləri aparan təsərrüfatçıların zəhməti hədər gedəcək.
Ayşən
demedia.az