Bərdədə zibil və zəhər poliqonu – SOS!
Elmi-texnologiyaların sürətlə inkişafı, məişət tullantılarının təkrar emalını da əlçatan edir. Lakin, təəssüflər olsun ki, bəzi bölgələrdəki vəziyyət durumun ürəkaçan olmadığından xəbər verir. Məsələn, Bərdə rayonundakı məişət tullantıları poliqonu.
El.TV xəbər verir ki, poliqon illərdir ki, ekologiya üçün ciddi zəhər mənbəyi olaraq qalır. Ekologiya zərərlənəndə isə insanların həyatı üçün ciddi təhlükə yaranır. Bərdə məişət tullantıları poliqonu böyük bir sahəni əhatə edir. Poliqonun yerləşdiyi ərazi şəhər mərkəzilə yanaşı, Qasımbəyli, Alaçadırlı və Zümürxan kəndlərinin yaxınlığında yerləşir. Burada ilboyu davam edən yanğın təkcə sakinlərin həyatına deyil, ekologiyanı da ciddi şəkildə zəhərləyir. Bəzi vaxtlarda küləkli havanın poliqondakı yüngül çəkili politilen məhsulları da düz sakinlərin evlərinə qədər gətirib çıxarır. Evlərin çəpərləri sözün əsl mənasında tullantı sahəsindən seçilmir. Sakinlər iddia edir ki, həyətlərə dolan tullantıları fərdi qaydada təmizləmələri də mümkün deyil. Mütəxəssislər isə bildirir ki, hazırda tullantı poliqonunda yaranan vəziyyət insanların həyətı üçün daha ciddi təhlükədir. Yoluxucu xəstəliklərin geniş yayılmasına və aktiv qalmasına şərait yaradır. Bərdə kommunal müəssisələr kombinatından şifahi olaraq bildirildi ki, problemin qarşısının alınması üçün yeganə yol tullantıları çeşidləmək və onların təkrar emala göndərilməsini təmin etməkdir. Bu məqsədlə regionda tullantıların çeşidlənməsi və ya emal müəssisələrinin inşa edilməsinə ehtiyac duyulur. Hazırkı vəziyyətdə isə hələ sovetlər dönəmindən fəaliyyət göstərən tullantı poliqonunun yerini dəyişmək mümkün deyil.
Aysun / Demedia.az