Füzulidə Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirildi



 13:10 27.04.2023     385

Füzuli şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılan Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib.

Demedia.az EL.TV-yə istinadən xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruq İdarəsi, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin əməkdaşları iştirak edib.

Füzuli rayonu işğaldan azad edildikdən sonra 62 inzibati ərazi vahidində aparılan ekoloji monitorinq zamanı Ermənistanın işğalı dövründə meşə fonduna aid olmayan 5 688 ədəd ağac və kolun, 124 hektar meşə fondu sahəsinin meşə ilə örtülü 2 hektarının, 1982-ci ildə qeydiyyata alınan təbiət abidəsi statuslu 11 ədəd qədim ağacın hamısı məhv edildiyi məlum olub. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılan Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin Ekoloji məsələlər üzrə İşçi Qrupun rəhbəri Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun sözlərinə görə, bu ərazilərdə ekosistemin bərpası məqsədilə meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilir.

Aparılan monitorinqlər zamanı 90-cı illərdə dövlət və sahə balansında qeydiyyata alınan 6 mineral xammal yatağından 3-nün istismar olunduğu müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə mineral-xammal ehtiyatlarının qiymətləndirilməsinin nəticələrinə görə Füzuli rayonu ərazisində yerləşən Quruçay qum-çınqıl yatağı, Dövlətyarlı əhəngdaşı yatağı, Dilağardı əhəngdaşı yatağının istismar olunduğu, Cəbrayıl dağətəyi düzənliyi yeraltı su hövzəsinə daxil olan Füzuli yeraltı su yatağında yeraltı şirin su quyularının tamamilə məhv edildiyi, rayon ərazisində mövcud olmuş bütün kəhriz sistemləri dağıdıldığı qeydə alınıb. İşğaldan azad edilmiş ərazilərdə tikinti quruculuq işlərinin həyata keçirilməsi məqsədilə Füzuli rayonu ərazisində yerləşən “Dövlətyarlı” əhəngdaşı yatağı, “Aşağı Güzlək”, “Quruçay”, qum-çınqıl yataqlarının istismarına icazə verilməsi planlaşdırılıb. Həmin yataqlardakı tikinti materiallarından azad edilən ərazilərin tikintisində istifadə olunacaq. Bundan başqa Füzuli rayonu ərazisində 1 ədəd meteoroloji stansiyanın quraşdırılması məqsədilə cihaz və avadanlıqların alınması üçün podratçı şirkətə sifariş verilib.