Yeni evlərin mülkiyyət hüququ rəsmiləşdirilir - VİDEO



 20:15 20.06.2023     476

Sabirabadda 2010-cı ildə Kürün daşması nəticəsində vətəndaşlara ciddi ziyan dəydi. Əsasən də bir neçə kənddəki yaşayış evləri tamamilə yararsız hala düşdü və yaşamaq üçün təhlükəli vəziyyət ortaya çıxdı.

Bundan sonra dövlətin vəsaiti hesabına Kür daşqınlarından əziyyət çəkənlər üçün yeni evlər tikildi və bərpa olundu. Artıq həmin evlərin mülkiyyət hüququ rəsmiləşdirilir, dövlət vəsaiti hesabına tikilən evərin sahibləri qeydiyyata alınır. Əlikram Novruzov Sabirabad rayonunun Qasımbəyli kənd sakinidir. 2010-cu ilin Kür daşqınları zamanı onun da evi zərər görərək qəzalı vəziyyətə düşüb. Bundan sonra 4 otaqlı evi sökülərək yerində yeni 4 otaqlı fərdi ev tikilib. Əlikram Novruzovla yanaşı Sabirabadda Kür daşqınlarından sonra yeni tikilib verilən evlərin sakinləri artıq mülkiyyət hüquqlarını rəsmiləşdirə bilərlər. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rayonun Qasımbəyli kəndində təşkil etdiyi səyyar qeydiyyat xidməti də elə bu məqsədə xidmət göstərir. Qasımbəyli ilə bərabər Yuxarı Axtaçı, Əsgərbəyli və Muradbəyli kəndlərinin sakinləri də fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı səyyar xidmətə müraciət etdilər. Səyyar xidmətin təşkili vətəndaşlara vaxt itkisinin qarşısını almaq və daşınmaz əmlaklarına dair çıxarışları əldə etmək üçün müraciət imkanı yaradır. Məqsəd əlçatanlığın, şəffaflığın, ümumilikdə vətəndaş məmnunluğunun təmin edilməsidir. Əmlak Məsələləri Dövlət Xidmətindən səyyar qeydiyyat xidmətlərinin davam etdiriləcəyi bildirilir.