Azərbaycana yüz milyonlarla dollarlıq heroini keçirmək istəyənlər kimlərdir?
İkinci Qarabağ Müharibəsi zamanı İrana keçən 160 erməni hərbçinin girov saxlanıldığı iddia edilir.
Bu yaxınlarda İranın yüksək rütbəli hərbçilərindən ibarət nümayəndə heyətinin İrəvana rəsmi səfərində müzakirə olunan məsələlər arasında həmin girovların taleyi də vardı.
Tehran 160 ermənini "məccani, müftə-müsəlləm" geri qaytarmaq niyyətində deyil və Ermənistan qarşısında şərtlər qoyub.
Ermənistan mediasında yer alan iddialara görə, İrəvana hərbi yardımlar vəd edən Tehran bunun müqabilində sadəcə, ödənişlərlə kifayətlənmək niyyətində deyil: "Tehran qarşımızda ağır şərtlər qoyur və o şərtlər 160 hərbçimizin İranda girov qalması ilə daha da sərtləşir. İranın Ermənistan qarşısında konkret tələbləri var".
Ermənilər onu da iddia edirlər ki, İranın Ermənistanla olan dövlət sərhədi boyunca əlavə hərbi birləşmələrin yığılması müşahidə olunur.
Reallıq isə budur ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq Zəngəzür nəqliyyat dəhlizinin işə salınması perspektivi İranı ciddi narahat edir.
İkinci Qarabağ Müharibəsinin sonuclarının İran üçün də "əlverişsiz" olması bəllidir. Erməni işğalında olan rayonlarımızın hesabına Azərbaycan sərhədinin də bir qisminə nəzarəti itirən İran indi Ermənistanla dövlət sərhədində dəhlizin formalaşmasını əsla istəmir.
Tehran anlayır ki, Cənubi Qafqazda Azərbaycanın geostrateji mövqeləri çox güclənib və bu, İranın perspektiv planlarına uyğun deyil.
Məhz bu səbəbdən İran Ermənistanla əlaqaləri intensivləşdirmək niyyətindədir.
Maraqlıdır ki, məhz son günlərdə Azərbaycan-İran sərhədində gərginlik artıb. Avtomat silahlarla və xüsusi avadanlıqlarla silahlanmış diversantların "narkotacir" qismində Azərbaycana sızmaları xüsusi diqqət çəkməlidir.
Xatırladım ki, 15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə'" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunmuşdu.
"Dayan" əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.
Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.
Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları Yardımlı rayonu ərazisində dağlarda gizlənən İran vətəndaşının birinin yerini müəyyən edib. Həmin şəxs tutulacağını bildiyi üçün təslim olmayaraq silahlı müqavimət göstərib. Ona görə DİN Daxili Qoşunlarının əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və həmin şəxsi zərərsizləşdiriblər.
İki sərhədçimizi şəhid edən İran vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlu keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.
Hadisə yerində AK-74 avtomatı və içində 20 patron olan daraq vardı.
Dövlət Sərhəd Xidmətinin yüksək döyüş hazırldığı keçmiş iki sərhədçisini güllələyərək şəhid edən, sonra da dağlarda gizlənərək xüsusi təyiantılalar müqavimət göstərərək atışan "narkotacir"in peşəkar hazırlığı şübhə doğurmur.
İllər əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi hesabatlarından birində İranın xüsusi xidmət təşkilatlarının Azərbaycanın erməni işğalında olan ərazilərində narkotrafik təşkil etdiklərini vurğulamışdı.
İkinci Qarabağ Müharibəsi başa çatandan bəri İrandan Azərbaycana onlarla ton narkotik maddənin keçirilməsinin qarşısı alınıb. Əksəriyyəti heroin olan həmin maddələr sonradan Gürcüstana, Rusiyaya, Ukraynaya, Moldovaya və s.daşınmaq üçün nəzərdə tutulmuşdu.
Sadəcə, mayın əvvəlindən bəri İrandan Azərbaycana keçirilməyə çalışılan və Azərbaycanın müxtəlif sərhəd məntəqələrində yaxalanan heroinin miqdarlarına fikir verin: 244 kq, 70 kq, 107 kq, 231 kq...
Görünür, İrandakı bəlli qüvvələr onillər boyu erməni işğalında olmuş ərazilərin azad edilməsi ilə asudə narkotrafik imkanlarını itirdiklərindən indi yeni marşrutlar arayırlar.
Narokticarət, silah qaçaqmalçılığı və qanunsuz qızıl ticarəti İranın tam kontrollda saxlayaraq təchiz etdiyi "Hizbullah" kimi qruplaşmaların maliyyələşdirilməsi üçün əsas mənbələrdir.
Bəlkə də məhz bu səbəbdən yüz kiloqlaramla narkotik maddə yüklü "narkotacirlər" İranın Azərbaycanla sərhədinə belə asanlıqla yaxınlaşaraq ölkəmizə sızmağa çalışırlar.
Deyəsən, İran Cənubi Qafqaz bölgəsindəki təsir imkanlarını itirməmək adı ilə region dövlətlərinə qarşı "hibrid diplomatiya"nı tətbiq edir və məqsədlərinə çatmaq üçün bütün vasitələri məqbul sayır.