Azərbaycanın beynəlxalq aləmdə rolu artmaqdadır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ünvanına həmişə nüfuzlu dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Müstəqillik günü ilə əlaqədar təbriklər göndərilib.
Nexeber.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib. B.Əliyev bildirib ki, həmin təbriklərdə Azərbaycanın beynəlxalq aləmdə artan rolu, iqtisadi inkişafı, enerji təminatında və təhlükəsizliyində müstəsna rolu yüksək qiymətləndirilib:
"Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözü ilə əməli həmişə bir olub, obyektiv və bərabərhüquqlu tərəfdaşlıq siyasətini həyata keçirib. Qarşılıqlı hörmət və etimad əsasında həyata keçirilən siyasət, milli maraqlara sədaqətlilik və prinsipiallıq Prezident İlham Əliyevin dünya miqayasında böyük nüfuza malik siyasi lider kimi qəbul edilməsini təmin etmişdir. Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə 2021-ci ildə daxil olan təbriklər göstərir ki, Azərbaycanın Vətən müharibəsində qələbəsi və müharibədən sonra Cənubi Qafqazda sülh və barış, iqtisadi inkişaf siyasəti yüksək qiymətləndirilir. Bir sözlə, Prezident İlham Əliyev nüfuzlu dövlət başçısı kimi regionun siyasi lideridir. Prezident İlham Əliyev regionda sülhün, barışın, ədalətin, demokratiyanın və iqtisadi inkişafın qarantıdır. Biz bununla qürur duyur və möhtərəm Prezident İlham Əliyevə uğurlar arzulayırıq".