Bakı bulvarı ilə bağlı VACİB XƏBƏR: 2040-cı ilə qədər...
Dövri iqtisadiyyatın təmin edilməsi istiqamətində işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilib.
Demedia.az apa-ya istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
O qeyd edib ki, Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına və istifadəsinə başlanılıb.
Nazir vurğulayıb ki, eyni zamanda, tullantı sularının səmərəli idarə olunması, yağış, drenaj sularının toplanması şəbəkəsinin qurulması, təmizlənmiş tullantı sularının təkrar istifadəyə yönəldilməsi, xüsusilə yaşıllıq ərazilərinin suvarılmasında istifadə edilməsi prioritet olmalıdır.
Muxtar Babayev həmçinin əlavə edib ki, iqlim dəyişmələri proseslərinə adaptasiyanın əsas komponentlərindən biri yaşıllıq sahələri ilə bağlıdır. Şəhərdə yaşıllıqların və açıq sahələrin artırılması Bakı şəhərinin Baş Planının layihəsinin prioritet məqsədlərindən biridir.
Nazir Bakı şəhərinin yaşıllıqlarının xeyli artırılacağını deyib: "Həmçinin Bakı bulvarının uzadılması planlaşdırılır, onun uzunluğu 2040-cı ilə qədər, yüksək keyfiyyətli ictimai yaşıllaşdırma ilə 25 kilometrdən çox olacaq".