Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir



 17:43 22.01.2021     205

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti səhiyyə sahəsində xidmət göstərən subyektlərə müraciət edib.

Nexeber.az-ın məlumatına görə, bildirilib ki, mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazları istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövrü yoxlamadan keçirilməlidir.

Məqsəd göstərilən səhiyyə xidmətləri zamanı xəstəliklərin diaqnostikasında istifadə olunan tibbi cihazların vətəndaşların həyatı və sağlamlığına mənfi təsirinin qarşısını almaqdır.

Qeyd olunub ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna əsasən, səhiyyə sahəsində yalnız üzərində yararlılığına dair yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnaməyə malik tibbi ölçü cihazlarından istifadəyə icazə verilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, səhiyyə sahəsində ölçmələrin tipi təsdiq edilməmiş və ya yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadəyə görə vəzifəli şəxslər üçün 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər üçün 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunur.(Qafqazinfo.az)