Bu ailədə vətən candan irəli gəlir - İki qardaşdan biri şəhid olub, digəri qazidir / VİDEO



 11:49 01.06.2021     524

Vətən müharibəsi başlayanda damarlarında qisas qanı coşan oğullarımız bir ağızdan vətənin harayına səs verdilər. Belə qəhrəman ailələrdən biri də  Masallıdan olan Hüseynovlar ailəsiydi. Bu ailənin iki oğlu cəbhəyə yollandı. Geriyə isə biri şəhid, o biri isə qazi olaraq qayıtdı.

Nexeber.az xezerxeber.az-a istinadən bildirir ki, ikisi də qəhrəmandır. Biri şəhid, biri qazi. Bir ailənin iki oğlu, xüsusi təyinatlı qüvvələrin giziri Rəfael və qardaşı Elmir. Bu ailədə Vətən candan irəlidə gəlir... 

Masallı rayonunun Qarğalıq kəndində doğulub Rafael. 2018-ci ilin yanvarında hərbi xidmətə yollanıb, orada Xüsusi Təyinatlı Qüvvələrin təlimlərinə qatılıb, xüsusi təyinatlı kimi seçilib. Tez bir zamanda cəsur kəşfiyyatçı kimi yetişib. 

Rəfael Kəlbəcər istiqamətində, Murovdağ yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə işğalçı düşmənə qarşı mərdliklə vuruşur. Döyüş yoldaşları ilə birlikdə Füzulinin, Hadrutun düşmən işğalından azad olunmasında böyük qəhrəmanlıqlar göstərir. Bu video da həmin tarixdən qardaşına xatirə qalır... 

Elmir deyir ki, qardaşı çətin idarə olunan ağır texnikaları sürməyi də bacarırdı. Hətta döyüşlərin birində yaralı döyüş yoldaşlarını erməni fermasından götürdüyü traktorun arxasına qoşqu qoşaraq təxliyə etmişdi.

Şuşada düşmən müdafiəsini yararaq alınmaz qalamızı fəth edən igidlərimizdən biridir Rafael. İndi ailədə ondan geriyə böyük bir qürur miras qalıb. 

Xüsusi Təyinatlı Qüvvələrin  giziri Rafael Hüseynov ölümündən sonra  Rəşadət ordeni, Vətən uğrunda, Kəlbəcərin, Xocavəndin, Laçının və Şuşanın azad olunmasna görə medalları ilə təltif edilib.