Nazirlikdən millət vəkilinin tənqidinə cavab



 14:19 01.06.2021     432

Subsidiya ala bilməyən vətəndaşların böyük hissəsinin torpaq sənədləri qaydasında deyil. Həmin vətəndaşların torpaq mülkiyyəti üzərində hüququnu təsdiqləyən sənədi, çıxarışı (kupça) yoxdur. Qanun bu kimi sənəd problemi olan vətəndaşlara subsidiyanın verilməsinə icazə vermir.

Bu sözlər Axar.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Millət vəkili Əli Məsimlinin ötən gün Milli Məclisin plenar iclasında bəzi şəxslərə subsidiya verilməməsinin səbəbi haqda nazirlik qeyd edib ki, yalnız kiçik bir qisim vətəndaşa Aqrar Subsidiya Şurasının qərarına əsasən subsidiya verilməyib:

“Sözügedən Şuranın qərarı “Fitosanitar nəzarəti haqqında” qanuna və Strateji Yol Xəritəsinin tələbinə uyğundur. Belə ki, 10 hektar sahəsi olan fermerlərin torpaqlarının əkin sahələrində hər 5 hektardan bir aqrokimyəvi analizlər üçün nümunə götürülür. Kənd Təsərrüfatı Nazirliyi də öz fəaliyyətində torpaq resurslarından səmərəli istifadəni vacib sayır. Torpaqlardan analiz verərək, həmin əkin sahəsində hansı bitkinin əkilməsini, lazımi miqdarda və növdə gübrəni müəyyənləşdirməklə torpaqların səmərəsiz istifadəsinin qarşısını alır. Subsidiyanın verilməsindən imtina alan bəzi vətəndaşlar qeyd olunan torpaq analizini verməyiblər”.