“Bravo”dan göndərilən təhlükə: Necə qorunmaq olar?



 15:58 01.06.2021     556

Azərbaycanda internetdən və saytlardan istifadə inkişaf etməyib. İnsanlar hələ də saytlardan istifadə qaydalarını bilmirlər, ona görə də onlar tanımadığı saytlara girirlər və bu saytlardaki yalan məlumatlara aldanırlar. İnsanlar ümumiyyətlə, tanımadığı saytlardan istifadə etməməlidir. Onlar Vatsap vasitəsi ilə göndərilən keçidlərə daxil olmamalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında informasiya texnologiyaları mütəxəssisi Nəcmin Məmmədli son zamanlarda insanlara “Bravo” marketləri adından göndərilən keçidlərlə bağlı danışarkən deyib.

O bildirib ki, “Bravo” marketləri adından göndərilən aldadıcı keçidlər kimi mesajların 99%-i xarici nömrələr vasitəsilə, Vatsapdan göndərilir:

“Kiber dələduzlar saxta və xarici nömrələrdən istifadə edirlər ki, onları tapmaq mümkün olmasın. Bu dəfə “Bravo” marketlərinin hədəf seçilməsinin səbəbi insanların bu adı tanıması və güvənməsidir. Bunlar sadəcə “Bravo” marketləri yox, digər çox bilinən market və ya başqa adlardan da göndərilə bilər. Bu cür keçidlərə daxil olduqda tanınmadığımız saytlar açılır və bu saytlarda hədiyyələr qazanmaq adı ilə insanlar aldadılır. Saytlarda insanlardan sosial şəbəkə hesablarının şifrələri, onların ünvanları tələb edilir. Bəzən “karqo ödənişi üçün 1 manat çıxılacaq” yalanı ilə kart məlumatları da istənilir. Burada kart məlumatlarını daxil etdikdən sonra onların brauzerin yaddaşında saxlanması ilə bağlı sorğu gəlir və insanlar əsasən buna icazə verir. Bu zaman isə insanların kart, sosial şəbəkə məlumatları və hətta telefonun IP adresi oğurlanır. Ümumiyyətlə, insanlar tanımadığı proqram və saytlarda kart məlumatlarını qeyd etməməlidir. Əgər insanlar bu hallarla qarşılasıbsa, ən birinci çıxış yolu istifadə edilən brauzerin “Tarixçə” bölməsini tamamilə təmizləməkdir. Kartlarda isə “3-D Secure” (onlayn kredit və bank kartı əməliyyatları üçün təhlükəsizlik təbəqəsi) sistemini aktiv etmək lazımdır”.