Şuşadan yeni görüntülər - VİDEO
Heydər Əliyev Fondu işğaldan azad edilən Şuşa şəhərində daha bir layihənin icrasına başlayıb.
Nexeber.az xəbər verir ki, hazırda şəhərdə Yaradıcılıq Mərkəzi, Rəsm Qalereyası və Xalçaçılıq Qalereyasının təmir-bərpa işləri həyata keçirilir.
Vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarayı kimi tanınan Şuşa Yaradıcılıq Mərkəzinin yerləşdiyi bina ölkə əhəmiyyətli tarixi memarlıq abidələri siyahısındadır.
Şuşa Xalçaçılıq Qalereyası isə keçmiş Şuşa Xalça Muzeyinin binasında yerləşəcək. Binaya Ermənistanın işğalı dövründə ciddi ziyan dəyib.
Hazırda təmir-bərpa işləri ilə yanaşı hər üç binada sərgilənəcək əsərlərin də seçimi edilir. Qısa zamanda Şuşada Azərbaycan rəssamlarının əsərləri, Qarabağın işğaldan əvvəl və sonrakı görünüşünü əks etdirən əsərlər, həmçinin xalça eksponatları yer alacaq.
Xatırladaq ki, bir neçə gün öncə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Molla Pənah Vaqifin məqbərəsində aparılan bərpa işlərinin görüntüləri yayılmışdı.