Vəkil qıtlığı: 3,5 ildə nələr dəyişdi?



 20:12 02.06.2021     427

Nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran qanundan sonra – 2018-2019-cu illərdə vəkil qıtlığı özünü ciddi şəkildə göstərirdi. Hazırda isə mərkəzi şəhərlərdə bu kimi problem müşahidə olunmur.

Bunu Axar.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, qanun əsasən bölgələrə təsir etmişdi:

“Bölgələrdə müşahidə olunan vəkil azlığının qarşısını almaq üçün Vəkillər Kollegiyası müəyyən addımlar atıb və proses davam etməkdədir. Rayonlarda fəaliyyət göstərən vəkillər üzvlük haqqından azad olunublar. Üstəlik, əvvəllər vəkilin saat hesabı 2 manatla hesablanırdı, indi isə 6 manatdır. Vəkillər dövlət hesabına fəaliyyət göstərəndə əksər hallarda bu məbləği yerli icra hakimiyyətindən ala bilmirdilər. Hazırda bu proses mərkəzləşdirilib və Vəkillər Kollegiyası tərəfindən idarə olunur”.

Vəkillər Kollegiyasından isə bildiriblər ki, nümayəndəlik institutunun ləğvi haqda qanunun qüvvəyə mindiyi 1 yanvar 2018-ci ilə qədər VK-nın 931 üzvü var idisə, indi bu rəqəm 1931-ə qalxıb. Onlardan 1520-i Bakıda, 411 nəfəri isə rayonlarda fəaliyyət göstərir.