Bakıda ev almaq istəyən həkimə qarşı dələduzluq: 160 min dolları... - ŞİKAYƏT



 13:48 03.06.2021     450

Türkiyədə yaşayan və işləyən, tibb elmləri doktoru, professor Rəhimli Oktay Zahid oğlu özünə qarşı dələduzluq edilməsindən şikayətçidir. 

Nexeber.az xəbər verir ki, bu barədə O.Rəhimli Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıb.

O, 2013-cü ilin əvvəllərində Bakı şəhərində ev almaq istəyib:

“Dostlarımdan biri  onun yaxın qohumu olan Ramin Nurəliyevin bu işlərlə məşğul olduğunu və mənə kömək edə biləcəyini bildirdi. Mən də R.Nurəliyeva yeni tikilidə və münasib qiymətə, əlverişli yerdə dörd otaqlı mənzil almaq istədiyimi bildirdim. Ramin mənə dedi ki, narahat olma, çox yaxşı bir mənzilin alınmasında sizə kömək edəcəyəm. 

Xeyli danışıqdan sonra Ramin “Sahil-D Kompani” MMC-dən çox yaxşı mənzil təşkil etdiyini, həmin vaxt Türkiyədə olduğuma görə təcili Bakıya gəlməyimi və mənzilə baxmağımı xahiş etdi. Mən Türkiyədən qayıtdım və Ramin vəd etdiyi mənzili mənə göstərdi. Həmin mənzili bəyəndim və bunun müqabilində məndən 160.000 (yüz altmış min) ABŞ dolları tələb etdi.

Tələb edilən məbləği Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən ofis mərkəzi binasının yanında Raminə verdim və məni əmin etmək üçün mənzilə dair müqavilə verdi. Raminlə aramızda ona “Sahil-D Kompani” MMC və Süleyman Ecevitin adından verilmiş etibarnamə əsasında 14.12.2013-cü il tarixdə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 191,4 kvadratmetr olan yaşayış sahəsinə dair müqavilə bağladıq.

Lakin bir müddət sonra mənzilə baxmaq istədiyimdə məni həmin mənzilə buraxmadılar. Bu barədə R.Nurəliyevə bildirdim, sonuncu isə mənə narahat olmamağımı, həmin mənzilin yerinə ya başqa mənzil, ya da pulu qaytaracağını dedi. Sonradan R.Nurəliyev mənə “Ağ şəhər”də inşa edilən binada mənzil təklif etdi. Binada tikinti işləri dayandırıldığından oradan mənzil istəmədiyimi bildirdim.

Dəfələrlə yaşayış sahəsinin təhvil verilməsini və ya pulun geri qaytarılmasını R.Nurəliyevdən tələb etsəm də, sonuncu müxtəlif bəhanələr gətirərək mənzili və ya pulu verməkdən imtina edib”.

Şikayətçi mənzilin və ya pulun verilmədiyini gördükdə məsələ ilə bağlı araşdırma aparmağa başlayıb:

“Vəkil araşdırdı və R.Nurəliyevin müqaviləni imzalamaq səlahiyyəti olmayıb. Belə ki, Ramin Nurəliyevə müqaviləni imzalamaq səlahiyyəti verən etibarnamə 28.08.2013-cü il tarixə kimi qüvvədə olub. Həmin etibarnamənin qüvvədən düşməsindən 4 ay sonra isə o, mənimlə müqavilə imzalayıb. Yəni mənimlə alğı-satqı müqaviləsi imzalanan zaman R.Nurəliyevin buna səlahiyyəti olmayıb.

Onun dələduzluq əməlləri barədə aidiyyəti orqanlara, o cümlədən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etdim, orada üzləşdirildik və R.Nurəliyev hər şeyi etiraf etdi”.

Şikayətçinin iddiasına görə, R.Nurəliyevin doğma dayısı Arzu Daşdəmirov Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general mayoru olduğundan nüfuzundan istifadə edərək bacısı oğlunun dələduzluq əməlini ört-basdır etməyi bacardı.

“Bundan sonra Yasamal Rayon Məhkəməsinə müraciət etdim, həmin məhkəmənin 02.10.2018-ci il tarixli qətnaməsi ilə iddiam təmin olunaraq Ramin Nurəliyevdən mənim xeyrimə 159.800 (yüz əlli doqquz min səkkiz yüz) ABŞ dollarının tutularaq xeyrimə ödənilməsi qət edildi. Yasamal Rayon Məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanıldı və qətnamə icraya yönəldildi.

Qətnamənin icrası ərəfəsində də Yasamal rayon icra şöbəsinin əməkdaşlarına müəyyən təsirlər olub, hətta R.Nurəliyevin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı ilkin olaraq Yasamal rayon məhkəməsi tərəfindən təmin olunmayıb. Rayon məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilərək qaytarılsa da, Yasamal Rayon Məhkəməsi yenə öz mövqeyində qaldı.

Məhkəmənin öz mövqeyində qalması təbii ki, Arzu Daşdəmirovun təsiri nəticəsində baş verdi, mən isə ölkə generalı ilə baş-başa gələ bilməyəcəyimi anladım və yenidən apelyasiya şikayəti vermədim.

Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciətdən sonra Ramin Nurəliyev barəsində toplanılmış materiallar onun Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi Nazirliyin İstintaq idarəsinə göndərilmiş və 27.05.2021-ci il tarixdə fakta görə cinayət işi başlanılıb”, - deyə Oktay Rəhimli bildirib.

Şikayətçi hüququnun bərpasını və öz pulunun qaytarılmasını istəyir.