Gənc gəlin hədəf alındı - təhdid dolu məktublar, naməlum tərkibli iynə



 13:14 06.06.2021     443

Ağstafa rayonunun Köçəsgər kəndində İsgəndərovlar ailəsi kimliyi bilinməyən şəxs və ya şəxslərin hədəfinə çevrilib. Kimlərsə ailənin yaşadığı evin həyətinə təhdid dolu məktublar atıblar. Əsas hədəf isə evin 26 yaşlı gəlini, üç uşaq anası Şərəbanu İsgəndərova olub.

Nexeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, Şərəbanu İsgəndərova toyuq hininin qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb. Ona tərkibi bəlli olmayan iynə vurulub.

Bundan sonra övladları və ailə üzvləri evin gəlinini axtarmağa başlayıblar.

Şərəbanunu toyuq hininin arxasından evin digər gəlini tapıb.

Məlum hadisəyə görə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verilib.

Artıq bir həftədir ki, qorxu içərisində yaşayan ailə üzvləri hadisəni törədən şəxs və ya şəxslərin tapılıb cəzalandırılmasını istəyirlər.

Hadisənin qurbanına çevrilən Şərəbanu İsgəndərovaya Ağstafa Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Ailə üzvlərinin bildirdiyinə görə, ona vurulan iynənin tərkibini bilmək üçün zərərçəkənin qanından analiz götürülüb.

Hazırda Şərəbanı İsgəndərovanın həyatı üçün təhlükə yoxdur.