İlham Əliyev: "Ölkəmizdə işsizlik və yoxsulluğun səviyyəsi ciddi şəkildə azalıb"
"Əmək, məşğulluq və sosial müdafiə sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, bu sahələrdə əhaliyə 140-dan artıq elektron xidmətin göstərilməsi və vahid əmək münasibətləri platforması əhaliyə ciddi dəstək mexanizmini formalaşdırıb. Ölkəmizdə həyata keçirilən kompleks islahatlar nəticəsində məşğulluq imkanları artmış, işsizlik və yoxsulluğun səviyyəsi ciddi şəkildə azalaraq 5,5%-ə düşmüş, sosial ödənişlərdə dəfələrlə artımlar edilmişdir".
Demedia.az-ın xəbərinə görə, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən V konfransının iştirakçılarına müraciətində yer alıb.
"Təkcə son dörd ildə qəbul edilmiş 4 sosial islahat paketi ilə əhalimizin 40%-i əhatə olunmuş, minimum əməkhaqqı 2,7 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, median əməkhaqqı 2,1 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya isə 2 dəfə artmışdır.
Əminəm ki, bugünkü konfrans İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsinin yeni imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platforma olacaq, qarşılıqlı faydalı tərəfdaşlığın yeni məzmunla zənginləşməsinə töhfə verəcəkdir", - dövlət başçısı qeyd edib.