Azərbaycanda kişinin azyaşlı qızına işgəncə verməsinin görüntüləri - YENİLƏNİB / VİDEO
Azərbaycanda doqquz yaşlı uşağın atası Rauf Vəliyev tərəfindən döyülməsi ilə bağlı araşdırma aparılır.
Bununla bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verib.
Onun sözlərinə görə, bəzi Kütləvi İnformasiya Vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin doqquz yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “WhatsApp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır:
“Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək”.
14:58
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda doqquz yaşlı qızın atası tərəfindən işgəncə görməsinə münasibət bildirib.
Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Oxu.Az-a açıqlamasında bildirib, yayılan məlumatlarla bağlı araşdırma aparılır:
“Məsələ müəyyənləşdirilir və tədbir görüləcək”.
14:33
“Azərbaycanda doqquz yaşlı qız atasından şiddət görür”.
Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, Rauf Vəliyev adlı şəxs doqquz yaşlı M.M-nı işgəncə verərək döyüb.
“Həmin şəxs “WhatsApp” vasitəsi ilə keçmiş həyat yoldaşına zəng edir və qızına işgəncə verir.
Cütlük 10 il qeyri-rəsmi şəkildə birlikdə yaşayıblar. Artıq ayrılıblar və qadın Rusiyanın Moskva şəhərində yaşayır. Qadının Raufdan ayrılma səbəbi işgəncə görməsidir”, - deyə K.Ağazadə əlavə edir.