Bakıda 4 nəfəri öldürən "Range-Rover"in sürücüsü həbs edildi - RƏSMİ-YENİLƏNİB



 12:04 14.06.2021     447

Bakıda 4 nəfərin ölümünə səbəb olan “Range-Rover”in sürücüsü həbs edilib. 

Nexeber.az Lent.az-a istinadən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a açıqlamasında bildirilib ki, araşdırmaların yekununda müəyyən edilib ki, qəza törədən “Range Rover”in sükanı arxasında Elşad Kərbalayev olub. Sərxoş vəziyyətdə qəza törədən həmin sürücü artıq həbs edilib.

Bakıda ötən gecə “Range-Rover” markalı avtomobilin qəza törədərək 4 nəfəri öldürməsi barədə mətbuatda məlumat verilib. Həmin məlumatlarda qəza törədən sürücünün “Qurtuluş-93” MMC-nin rəhbəri, iş adamı Məhərrəm Ağayevin kürəkəni olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəza törədən maşının sahibi Elşad Kərbalayevdir. İlkin olaraq onun sükan arxasında olmadığı, maşında sərnişin qismində oturduğu bildirilirdi. 

Yol-nəqliyyat hadisəsi gecə saat 1 radələrində Novxanı bağlar sahəsində baş verib. “Range-Rover” markalı avtomobil və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil toqquşub. Nəticədə “Daewoo Damas”ın sürücüsü və sərnişinləri paytaxt sakinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

Onu da bildirək ki, Elşad Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri, iş adamı Məhərrəm Ağayevin kürəkənidir.