DYP-dən sürücülərə XƏBƏRDARLIQ



 12:15 17.12.2023     240

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Demedia.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

"Hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsi məhdudlaşıb. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi qatı duman səbəbindən magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 50 metrədək məhdudlaşması ehtimal olunur ki, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.

Qatı duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar".

Qeyd edək ki, bu gün saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251 reysi dumanlı hava şəraiti ilə əlaqədar olaraq saat 12:00-a kimi təxirə salınıb.