Yol qəzasına düşən PFL rəhbərliyinin son durumu açıqlandı



 14:28 18.12.2023     433

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyinin son durumu açıqlanıb.

Yaralıların yerləşdirildiyi “Liv Bona Dea Hospital”ın mətbuat katibi Samir Oruc bildirib ki, ən son məlumata görə PFL prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyev əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, müalicələri davam etdirilir.

O qeyd edib ki, digər yaralılar stasionar şəraitdə müalicə alır, vəziyyətləri nisbi stabil olaraq qiymətləndirilir.

Xatırladaq ki, hadisə dekabrın 16-sı Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, PFL texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.//Report.az