Rusiyalı mütəxəssislər: “Koronavirus peyvəndinin sonsuzluğa səbəb olması ilə bağlı bir dəlil yoxdur”



 17:10 15.06.2021     388

Rusiyalı mütəxəssislər: “Koronavirus peyvəndinin sonsuzluğa səbəb olması ilə bağlı bir dəlil yoxdur”

“Övladınızın olmasını istəyirsinizsə, koronavirusa qarşı peyvənddən sonra hamilə qalmaqdan çəkinmək lazım deyil”.  Bu açıqlama ilə  Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – “Rospotrebnadzor”  çıxış edib.     Qurumdan bildirilib ki,  koronavirus peyvəndinin qadınlarda və ya kişilərdə nəsilartırma qabiliyyətinə  təsir edə biləcəyinə dair  heç bir dəlil yoxdur.  Rusiyalı mütəxəssislər Rusiya istehsalı olan peyvəndləri laboratoriya heyvanları üzərində test etdikdən sonra bu qənaətə gəliblər.

Qeyd edək ki,  COVID-19-a qarşı peyvəndlərin sonsuzluğa səbəb ola biləcəyinə dair iddialar yeni deyil. Peyvəndin ilk tətbiqindən bəri bu məsələ vaxtaşırı gündəmə gətirilir.

Saxta.info bu nəticənin əsaslı olub-olmadığını dünyanın digər yerlərində aparılan  tədqiqatların nəticələri, həmçinin mütəxəssis rəyləri ilə müqayisəli şəkildə dəqiqləşdirib.

ABŞ-da koronavirusa qarşı peyvənd tətbiq olunan ilk günlərdə məhz bu mövzu gündəmə gəlib və sosial şəbəkə istifadəçiləri vaksinin qadınlarda sonsuzluğa səbəb olacağl ilə bağlı məlumatlar yayıblar.

ABŞ-ın Missuri Universitetinin səhiyyə xidmətinin ailə həkimi, əsasən hamilə qadınların müalicəsi ilə məşğul  olan Laura Morris  bildirib ki, bu iddiaların heç bir əsası yoxdur.  Reproduktiv yaşda olan pasiyentlərinə müraciət edən  mütəxəssis bildirib ki, koronavirus əleyhinə peyvəndin  qadının  reproduktiv orqanlarına və ya mayalanmış bir yumurtaya təsiri ilə bağlı elmi-tibbi baxımdan heç bir əsas yoxdur. 

Morris əlavə edib ki, əksinə COVİD 19-a yoluxan hamilə qadınlarda erkən doğum, qan laxtalanması kimi problemlə üzləşmək riski yüksəkdir. Ona görə də reproduktiv yaşda  olan insanlar əksinə peyvənd olunmalıdırlar.

Sözügedən xidmətin endokrinoloqu Albert Hsu da bildirib ki,  peyvəndin  sonsuzluğa səbəb ola biləcəyinə dair  heç bir elmi nəzəriyyə yoxdur. Əksinə peyvənd deyil, koronavirus infeksiyası kişilərdə nəsilartırma qabiliyyətinə mənfi təsir edə bilər. Onun sözlərinə görə,  bəzi  tədqiqatlar zamanı COVİD-19-a yoluxan kişilərin spermasında  SARS-CoV-2 virusu aşkarlanıb. Tədqiqatlar  göstərib ki, virus  sperma istehsalı üçün lazım olan kişi hormonlarına mənfi təsir edə bilər. Bu səbəbdən də həmin şəxslər koronavirus əleyhinə peyvənd olunmalıdırlar.

Bu mövzu ilə bağlı araşdırma aparan digər amerikalı mütəxəssislər  xatırladırlar ki,  uşaqların vaksinasiyasının tarixi 100 ili ötür. İndiyə qədər bu yöndə problem qeydə alınmayıb.  Tədiqatçılar bildirirlıər ki,  koronavirus əleyhinə peyvənd indiyə qədər mövcud olan peyvəndlər kimi  bədəndə immunitet yaratma funksiyası həyata keçirir.    

Pediatriya və molekulyar virusologiya üzrə mütəxəssis,  ABŞ Milli Tropik Tibb Məktəbinin professoru Peter Hotez deyib ki, koronavirus əleyhinə olan peyvəndlər insan DNT-sinə müdaxilə etmir.  Alim bildirib ki, DNT hüceyrələrdə, nüvədə   yerləşir  və peyvənd də bu hüceyrələrə, nüvəyə  yaxınlaşmır. Buna görə də insanın nəsilartırma qabiliyyətinə mənfi təsir edə biməz.

Kolumbiya Universitetinin  pediatriya üzrə professoru  Edit Baraço Sançes də  bildirib ki,  peyvəndin nəsilartırma qabiliyyətinə, ümumiyətlə bədəndə hormonal proseslərə müdaxilə etmək  xüsusiyyəti yoxdur. Xüsusilə də hamilə qadınlar üzərində aparılan araşdırmalar bunu sübut edib.  Tədqiqata cəlb edilən qadınlar arasında  hamiləlikdən əvvəl peyvənd vurduranlar da olub və peyvənd onlara  heç bir təsir göstərməyib. 

Braço Sançes qeyd edib ki, onun özünə də peyvəndin ilk dozası  hamiləlikdən əvvəl, ikinci dozası isə hamiləlik dövründə  vurulub və  peyvənd onun hamilə qalmasına heç bir təsir göstərməyib.

Mütəxəssislər əlavə edirlər ki,  peyvəndin yan təsirləri gözləniləndir və bura əsasən    

Yorğunluq hissi

Baş ağrısı

Oynaq və əzələ ağrısı

Qızdırma və  üşütmə

Ürək bulanması və qusma

İyən  yerinin ağrıması

İynə vurulan qolda  limfa düyünlərinin şişkinliyi

aid edilir. 

Aparılan araşdırmalar sonsuzluğu koronavirus əleyhinə peyvəndin yan təsirlərindən biri kimi qəbul etmir.  

Sadalanan rəylər əsasında bu nəticəyə gəlmək olar ki,  koronavirus əleyhinə peyvənd kişi və qadınlarda sonsuzluğa, nəsilartırma imkanlarına mənfi təsir göstərmir. Bu ilk növbədə  koronavirus əleyhinə peyvəndin digər peyvəndlər kimi  yalnız immunitet yaratma funksiyasına malik olması, heç bir halda DNT-yə nüfuz etməməsi ilə bağlıdır.  Digər tərəfdən aprılan konkret tədqiqatlar, həm də milyonlarla insanı əhatə edən vaksinasiya prosesində  bu hala rast gəlinməyib.

Qeyd edək, dünyada koronavirus əleyhinə vaksinasiyaya əsasən ötən ilin sonu, bu ilin yanvarından başlanıb.  Ötən 6-7 ay ərzində  dünya üzrə  vaksinasiyaya cəlb olunanların sayı  2 milyard 393 milyon 161 min 577-yə çatıb.

Nexeber.az "Saxta.info" saytına istinadən bildirir ki,  Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin gəldiyi nəticə dünyada aparılan tədqiqatın nəticələri  və  mütəxəssis rəyləri  ilə  təsdiqlənir.