DİN: “Yeraltı və yerüstü piyada keçidləri qapalı məkan hesab oldunduğu üçün maska taxmaq məcburidir”



 17:57 16.06.2021     882

“Açıq havada tibbi maskadan istifadə etmək barədə qadağa götürülsə də, vətəndaşlarımız pandemiya şəraitində bütün qapalı məkanlarda sosial məsafəyə riayət etməli, tibbi maskadan istifadə etməlidirlər”.  Daxili İşlər Nazirliyi yeraltı və yerüstü piyada keçidlərində maska taxmağın məcburi olması barədə yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev  “Qafqazinfo”ya açıqlamasında bildirib ki,  yeraltı və yerüstü keçidlər də qapalı məkandır və burada tibbi maskadan istifadə edilməlidir.

Saxta.info Elşad Hacıyevin bu açıqlamasının əsaslı olub-olmadığını  dəqiqləşdirib.

Əvvəlcə qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri may ayının 26-da  xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə 151 saylı qərar  imzalayıb.  Qərar  verilərkən  “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 25-ci maddəsi və Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları” əsas götürülüb.

151 saylı qərarın 2-ci bəndinin  2.1 və  2.1.1-ci hissəsinə əsasən 2021-ci il 31 may saat 6-dan  etibarən  açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni  tibbi maska, parça maska, respiratordan istifadə edilməsi tələbi ləğv edilib.

Bu məqsədlə sözügedən qərarda  Nazirlər Kabinetinin  29 may 2020-ci il tarixli 189 nömrəli Qərarına  dəyişiklik edilib. Dəyişikliyə əsasən  sənədin 1.2-ci bəndində   (bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) “bazarlarda”  sözündən əvvəl “qapalı” sözü əlavə edilib.

Bununlada vətəndaşların qarşısında qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etmək tələbi qoyulub.

Bir qədər də konkretləşdirsək əvvəlki qərarda  tibbi maska taxmaq tələbi  ümumiyətlə bütün bazarlar üçün keçərli idisə, yeni qərarda söhbət yalnız qapalı bazarlardan gedir.

Bundan başqa qərarın 1.7-ci (ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə)   və 1.8-ci (insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda)   bəndləri ləğv edilib.

Beləliklə, dəyişikliyə əsasən  ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların, ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə tibbi maska, parça maska, respirator  tələbi aradan qaıdırılıb.

Həmçinin  “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli 451 nömrəli Qərarı da  ləğv edilib.  Xatırladaq ki,  451 nömrəli qərarda açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə məcburi xarakter dasıyırdı.

Göründüyü kimi, sözügedən qərarlarda qapalı məkan  olaraq  qapalı bazarlar,  qapalı ictimai iaşə, ticarət və xidmət obyektləri qeyd edilib.  Səndələrdə yeraltı və yerüstü piyada keçidləri qapalı məkan kimi  əksini tapmayıb. 

Maraqlıdır, yeraltı və yerüstü piyada keçidləri qapalı məkan sayılırmı, ümumiyytələ qapalı məkan anlayışı necə başa düşülməlidir? 

Qeyd edək ki, Azərbaycanda tətbiq olunan qayda-qanunlar toplusunda “qapalı məkan” anlayışına, həmçinin  ayrıca qapalı məkan sayılan bəzi yerlərin adlarına rast gəlinir. Amma  “qapalı məkan” anlayışının ətraflı izahı verilməyib.  Məsələn,  Türkiyədə  “qapalı məkan” anlayışı dedikdə   sabit və ya hərəkətli tavanı və ya damı  olan,  qapı-pəncərələri və giriş yolları xaric bütün yanları müvəqqəti və daimi bağlı olan sahələr, eyni zamanda  tavanı və  ya damı olan, yanları yarıdan çox   bağlanan yerlər  qapalı məkan  kimi başa düşülür.

Azərbaycanda 2017-ci ildə qəbul edilən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında"  Qanunda   tütün çəkilməsinə icazə verilməyən ayrı-ayrı   məkanlar əksini tapıb.  Bu qanunda  yerüstü qapalı və yeraltı piyada keçidləri  tütün çəkilməsinə icazə verilməyən məkanlar siyahısına salınıb.    Qanunda  “qapalı məkan” anlayışının  izahı verilməsə də  yerüstü qapalı və yeraltı piyada  keçidlərinin  məhz  qapalı məkan sırasına  daxil edildiyi  aydın olur.  Buradan həmçinin bu qənaətə gələmək olur ki,  tibbi maska  tələbi  yerüstü açıq piyada keçidlərinə aid deyil.

Yeri gəlmişkən,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytında yerləşdirlən məlumatlara əsasən demək olar ki, Bakıda inşa olunan yerüstü keçidlərin  sırasında həm qapalı, həm də açıq piyada keçidləri var.   

Saxta.info sadalananlara əsasən bu qənaətə gəlib ki,  DİN nümayəndəsinin açıqlaması əsasən doğrudur.