Tural Abbaslı: “Qanunda yazılıb ki, I qrup əlillik üçün sağlamlığın 90 faizi itirilməlidir”



 17:12 17.06.2021     659

“Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyir qanun mütərəqqidi, amma qanunda yazılıb ki,  1-ci qrup əlillik dərəcəsi verilməsi üçün sağlamlığın 90 faizi, 3-cü qrup verilməsi üçün sağlamlığın  30  faizi  itirilməlidir”. Bu iddia ilə azərbaycanlı siyasətçi, Ağ Partiyasının sədri Tural Abbaslı  “Xural” internet televiziyasına müsahibəsində çıxış edib.

Saxta.info bu iddianın doğru  olub-olmadığını araşdırıb.

Öncə qeyd edək ki, söhbət Milli Məclisin 8 iyun 2021-ci il tarixli iclasında  müzakirə olunan  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsindən gedir.  Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib. Layihə üçüncü oxunuşda da qəbul edilsə  2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.  Sözügedən qanun 2018-ci ilin may ayında qəbul edilib. 

Qanuna təklif olunan dəyişikik əsasən  əlilliyin müəyyənləşdirilməsi meyarları ilə bağlıdır.  Təklif olunan dəyişikliyə əsasən,

“I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”

“II dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”

“III dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”

anlayışı ilə əvəzlənir.

Göründüyü kimi,  qanun layihəsində  sağlamlığın itirilməsi ilə bağlı  konkret olaraq  30  və 90  faiz  həddi qoyulmayıb.  Dərəcələr üzrə əlilliyin verilməsi üçün müəyyən bir faiz aralığı götürülüb.

Yeni qanun layihəsində indiyədək istifadə olunan "əlillik dərəcəsi" ifadəsi "orqanizmin funksiyasının pozulması faizi" ifadəsi ilə əvəz olunub.  Vətəndaşın əlillik vəziyyəti qiymətləndirilərkən ənənəvi 3 əlillik dərəcəsi deyil, orqanizmin funksiyalarının  30 %-dən yuxarı pozulması meyarı əsas götürülüb, həmçinin xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınıb.  

Yəni,  funksiyanın

31 faizdən 60 faizədək pozulması mövcud 3-cü dərəcəli əlilliyə

61 faizdən 80 faizədək pozulması 2-ci dərəcəli əlilliyə

81 faizdən 100 faizədək pozulması isə 1-ci dərəcəli əlilliyə

uyğun  qiymətləndiriləcək.

Hazırda əlillik dərəcəsinin təyinatı  Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun həyata keçirilir.  Məsələn,  hazırkı qanunvericiliyə əsasən  şəxsə

hər iki ayağın amputasiyası zamanı 1-ci dərəcə əlillik

ayağın dizdən yuxarı amputasiyası zamanı  2-ci dərəcəli əlillik

ayağın dizdən aşağı amputasiyası zamanı  3-cü dərəcə əlillik

təyin edilir.

Yeni meyarlara əsasən əllillik təyinatı orqanizmin funksiyalarının pozulması  dərəcəsi ilə müəyyənləşdiriləcək. Bir qədər də konkretləşdirsək  əvvəl  əlillik dar çərçivədə - üç qrupda müəyyənləşdirilirdisə, yeni qanun layihəsində faizlə qiymətləndirilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, yeni qanun layihəsində  istehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı ayrıca hədd müəyyənləşdirilib. Belə ki,  orqanizmin funksiyalarının 10-31 faiz itirilməsinə görə də əlillik müəyyən ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yeni meyarların hazırlanmasında xarici təcrübədən istifadə olunub. Azərbaycan Millli Məclisinin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mətbuata açıqlamasında Almaniya təcrübəsinə istinad edildiyini bildirib.   

Almaniya  təcrübəsində gəlincə, qeyd edək ki, bu ölkədə əlillik dərəcəsi (Grad der Behinderung, GdB)  faizlə ölçülür və  orqanizmin funksiyalarının 20-100 faiz aralığında məhdudlaşmaya  görə müəyyənləşdirilir.  Orqanizmin funksiyalarının  50 %-dən yuxarı pozulması əlilliyin ağır forması sayılır və   bir neçə ciddi xəstəliyi olan,  daimi olaraq  yardıma   ehtiyac duyan  şəxslərə təyin edilir. Belə şəxslərə  “əlilliyin ağır forması haqqında şəhadətnamə”  verilir. Orqanizmin funksiyalarının  pozulması həddi  50 %-dən az olan şəxslərə  isə  əlilliyi təsdiqləyən sənəd verilsə də  bu,  ağır əlilik kateqoriyasına aid edilmir.

Saxta.info  bu qənaətə gəlib ki,  partiya sədrinin iddiası reallığı əks etdirmir.